18:21 26-10-2009
news_image
853
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatında sensasiya

Qadın otüstü hokkeyçilərdən ibarət komandaların mübarizə apardığı Azərbaycan milli çempionatına yekun vurulub. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, yarış “Atasport-2” klubunun qələbəsi ilə nəticələnib. Son turda əsas rəqibi Nizami RİOEUGİM-i məğlub edən paytaxt təmsilçisi qızıl medallara sahib çıxıb.

Eyni zamanda, kişi otüstü hokkeyçilər arasında II dəstənin oyunları da başa çatıb. Bütün qarşılaşmalarda qələbə qazanan Nizami RİOEUGİM yüzfaizlik nəticə ilə zirvədə qərarlaşıb. Bu komanda gələn mövsüm I dəstədə qüvvəsini sınayacaq. Yeri gəlmişkən, I və yüksək dəstədə də mübarizə yekunlaşmaq üzrədir. I dəstədə “Gənclik” çempion titulunu çoxdan təmin edib. “Təhsil” isə II dəstəyə yuvarlanıb.

İndi də turun yeganə sensasiyasının qeydə alındığı yüksək dəstə barədə. Respublika Otüstü Hokkey Kompleksində “Şahdağ” - “Akkord” matçına baxanlar ikincilərin asanlıqla qalib gələcəyini və lider “Atasport”la 3 xal fərqini qoruyacağını düşünürdülər. Lakin əsasən Qusar hokkeyçilərindən təşkil olunmuş “Şahdağ” bütün proqnozları alt-üst etdi. Ağadadaş Qədimovun yetirmələri “Akkord”un qapısından 4 cavabsız top keçiriblər. Halbuki, cari mövsümdə keçirilən əvvəlki görüşlərin hər üçündə “Şahdağ” məğlubiyyətlə barışmışdı (1:2; 2:3; 0:3). Ancaq qusarlıların revanşı “Akkord”a qızıl medal bahasına başa gəldi. Bu məğlubiyyətin ardından Bakı klubunun “Qızıl oyun”la bağlı ümidləri puça çıxdı. Həmçinin, şirkət komandası iki il ardıcıl qazandığı çempionluqdan məhrum oldu. Əvəzində “Atasport” ikillik fasilədən sonra yenidən qızıl medallara yiyələndi.

Yüksək və I dəstədə çıxış edən kişi komandalarının çempionatı oktyabrın 31-də yekunlaşacaq. Son turdakı nəticələr formal xarakter daşıyacaq.

Kişilər
Yüksək dəstə
XI tur

“Şahdağ” (Qusar) - “Akkord” (Bakı) - 4:0
“Atasport” (Bakı) - “Göytəpə” (Cəlilabad) - 14:0

1. “Atasport” - 30 xal
2. “Akkord” - 24
3. “Şahdağ” - 12
4. “Göytəpə” - 0

Qeyd: “Göytəpə” yüksək dəstədə yerini itirib.

I dəstə
XI tur

“Gənclik” (Sumqayıt) - “Gəncə” - 6:1
“Kür” (Mingəçevir) - “Təhsil” (Bakı) - 4:1

1. “Gənclik” - 33 xal
2. “Gəncə” - 19
3. “Kür” - 11
4. “Təhsil” - 1

Qeyd: “Təhsil” I dəstədə yerini itirib, “Gənclik” isə yüksək dəstəyə vəsiqə qazanıb.

II dəstə
X tur

Nizami RİOEUGİM - “Astara” - 5:0
“Olimp” (Masallı) - “Xəzər” (Lənkəran) - 0:1

1. Nizami RİOEUGİM - 24 xal
2. “Xəzər” - 11
3. “Şəki” - 10
4. “Olimp” - 8
5. “Astara” - 4

Qeyd: Nizami RİOEUGİM I dəstəyə vəsiqə qazanıb.

Qadınlar
X tur

“Atasport-2” (Bakı) - Nizami RİOEUGİM - 2:0
“Bakı” - “Xəzər” (Lənkəran) - 4:0

1. “Atasport-2” - 21
2. Nizami RİOEUGİM - 18 xal
3. “Bakı” - 15
4. “Xəzər” (Lənkəran)- 4
5. “Şahdağ” - 1