23:15 28-10-2009
news_image
2805
STOLÜSTÜ OYUNLAR

Novi Sadda ilk məğlubiyyət: 5 mat, 3 pat - YENİLƏNİB

Azərbaycanın kişilərdən ibarət şahmat yığması Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında bu gün ən prinsipial oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz VII tur çərçivəsində Ermənistan qrossmeysterləri ilə qarşılaşacaqlar. Hazırda milli komandamız 11 xalla yarış cədvəlinin zirvəsində qərarlaşdığı halda, bizdən 2 xal az toplayan bədnam qonşularımız 3-cü yerdədirlər.

Zəruri bir xatırlatmanı qeyd edək ki, Azərbaycan və Ermənistanın kişi şahmatçıları axırıncı dəfə ötən il Almaniyanın Drezden şəhərində keçirilən olimpiadada üz-üz gəliblər. Həmin görüş düşmənlərimizin 2,5:1,5 hesablı qələbəsi ilə nəticələnib. İndi həmvətənlərimiz bu məğlubiyyətin əvəzini Serbiyada çıxmalıdırlar.

Yeri gəlmişkən, qadın şahmatçılar Avropa çempionatında ermənilərlə iki tur öncə qarşılaşıblar və heç-heçəyə razılaşıblar - 2:2. Xanımlarımız hazırda 9 xalla 3-cü sırada yer alıblar. Yığmamız bu gün lider Rusiyanı (10 xal) sınağa çəkəcək.

Artıq komandaların heyəti açıqlanıb. Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

VII tur
Kişilər
Azərbaycan - Ermənistan - 1,5:2,5

1. Teymur Rəcəbov (2757) - Levon Aronyan (2773) - 0,5:0,5
2. Vüqar Həşimov (2740) - Vladimir Akopyan (2698) - 0,5:0,5
3. Qədir Hüseynov (2667) - Qabriel Sarqissyan (2678) - 0:1
4. Şəhriyar Məmmədyarov (2721) - Tiqran Petrosyan (2602) - 0,5:0,5
İlk partiyaya yekun vurulub. Birinci lövhədə Rəcəbov Aronyanla xalı yarı bölüblər. Onlar risk etməyərək, 19-cu gedişdə heç-heçəyə razılaşıblar.
İkinci lövhədə də qalib müəyyənləşməyib. Qara fiqurlarla oynayan Həşimov 45-ci gedişdə rəqibinə heç-heçə təklif edib və Akopyan həmyerlimizin təklifini qəbul edib.
Başa çatan üçüncü partiyadan sonra komandamız məğlub duruma düşüb. Üçüncü lövhədə ağlarla oynayan Qədir Hüseynov 70-ci gedişdə təslim olub. Dördüncü lövhədə Məmmədyarovun heç-heçəsi isə yığmamızı məğlubiyyətdən qurtara bilməyib. Beləliklə, kişi şahmatçılarımız ötən il olduğu kimi, yenə də prinsipial qarşılaşmadan məğlub ayrılıb.

Qadınlar
Azərbaycan - Rusiya - 0:4

1. Zeynəb Məmmədyarova (2285) - Aleksandra Kostenyuk (2516) - 0:1
2. Nərmin Kazımova (2228) - Tatyana Koşintseva (2536) - 0:1
3. Türkan Məmmədyarova (2233) - Nadejda Koşintseva (2493) - 0:1
4. Gülnar Məmmədova (2209) - Valentina Qunina (2437) - 0:1
Komandamızın lideri partiyanı başa vurub. Amma Zeynəb rus zəriflə görüşdən xalsız ayrılıb.
Dördüncü lövhədə də yığmamız xalsız qalıb. Qara fiqurlarla oynayan Gülnar Məmmədova 35-ci gedişdə saatını dayandıraraq, qələbə münasibətilə rəqibinin əlini sıxıb.
Növbəti məğlubiyyət üçüncü lövhədə qeydə alınıb. Nərmin Kazımova qara fiqurlarla Tatyana Koşintsevaya uduzub.
Sonuncu partiyada da sevinə bilmədik. Türkan ağ fiqurlarla oynamasına baxmayaraq, 59-cu gedişdə təslim olub.

Ümumilikdə, bu gün keçirilən qarşılaşmalarda həmvətənlərimizdən heç biri qələbə qazana bilməyib. Şahmatçılarımız hesabat turunu 5 məğlubiyyət, 3 heç-heçə ilə başa vurublar.

Bu, milli komandalarımızın çempionatda ilk məğlubiyyəti olub.