23:59 29-10-2009
news_image
2281
STOLÜSTÜ OYUNLAR

Azərbaycan Novi Saddan medalla qayıdacaq - YENİLƏNİB

Serbiyanın Novi Sad şəhərində təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatı yekunlaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, bu gün yarışda axırıncıdan əvvəlki - VIII turun oyunları keçiriləcək.

Qitə çempionu titulunu qazanmağa çox yaxın olan Azərbaycanın kişilərdən ibarət yığması bu gün 10 xalla 5-ci sırada qərarlaşmış Polşanı sınağa çəkəcək. Hazırda milli komandamız Rusiya və Ermənistanla birgə 1-3-cü pillələri bölüşdürür. Hər 3 kollektivin hesabında 11 xal var. Lakin VIII turda Rusiyanın Ermənistanla qarşılaşması bizə əlavə üstünlük verir. Yığmamız qələbə sayəsində ikinci yerə yüksələcək və bürünc medalı praktiki olaraq, təmin edəcək.

Xanım şahmatçılarımız isə son turda rusiyalılara məğlubiyyətin ardından 6-cı pilləyə eniblər (9 xal). Yığmamız zirvədə yer alan Rusiya və Gürcüstandan 3 xal geri qalır. Hər halda, bu gün 8 xala malik Yunanıstanla görüşəcək milli komandamızın çempionatı 3-cü sırada başa vurmaq şansı böyükdür.

Hələlik heyətlər açıqlanmayıb. Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

VIII tur
Kişilər
Polşa - Azərbaycan - 1:3

1. Bartos Soçko (2637) - Teymur Rəcəbov (2757) - 0,5:0,5
2. Radoslav Voytaşek (2640) - Vüqar Həşimov (2740) - 0,5:0,5
3. Bartlomey Matseya (2618) - Şəhriyar Məmmədyarov (2721) - 0:1
4. Mateuş Bartel (2609) - Rauf Məmmədov (2626) - 0:1
Teymur Rəcəbov yenə qələbə qazana bilməyib. Həmyerlimiz qara fiqurlarla oynadığı görüşdə özündən xeyli zəif rəqibi ilə 23-cü gedişdə heş-heçəyə razılaşıb.
Dördüncü lövhədə keçirilən görüş başa çatıb. Rauf Məmmədov ağ fiqurlarla oynadığı partiyanın 53-cü gedişində rəqibini təslim edib.
Daha bir oyunda qalib müəyyənləşməyib. Həşimovla Voytaşekin görüşü 47-ci gedişdə bərabərliklə nəticələnib.
Günün son partiyasında sevinən tərəf yığmamız olub. Üçüncü lövhədə Şəhriyar Məmmədyarov 45-ci gedişdə rəqibinə saatını dayamdırmağı məcbur edib. Bununla da, komandamız Polşa üzərində 3:1 hesablı qələbə qazanıb.

Günün digər maraqlı qarşılaşmalarından birində Rusiya Ermənistanı məğlub edib. Bu qələbədən sonra hərəyə 13 xal toplayan Rusiya və Azərbaycan 1-2-ci yerləri bölüşdürürlər. Ukrayna isə üçüncü pillədədir. Son turda bizim üçün xoşagəlməz nəticə qeydə alınmasa, komandamız çempionatdan ən azından bürünc medalla qayıdacaq.


Qadınlar
Azərbaycan - Yunanıstan- 2:2

1. Zeynəb Məmmədyarova (2285) - Yelena Dembo (2482) - 0:1
2. Nərmin Kazımova (2228) - Anna-Mariya Botsari (2286) - 0,5:0,5
3. Türkan Məmmədyarova (2233) - Marina Makropoulou (2288) - 1:0
4. Xəyalə İsgəndərova (2212) - Aleksandra Stiri (2198) - - 0,5:0,5
Komandamızın heyətində lövhə arxasından hamıdan tez Türkan qalxıb. O rəqibini şahsız qoymaqla, yığmamıza günün ilk qələbəsini qazandırıb.
İkinci lövhədə oyununu başa vuran Nərmin Kazımova isə yığmamızın hesabına yarım xal yazdırıb.
Komandamızın aktivinə növbəti yarım xalı Xəyalə İsgəndərova qazandırıb. Yığmamızın lideri Zeynəb Məmmədyarova məğlub olub və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.