21:13 30-10-2009
news_image
2952
STOLÜSTÜ OYUNLAR

Azərbaycan çempion!!! - YENİLƏNİB

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə komandalararası Avropa çempionatına bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu IX turu Azərbaycan kişilərdən ibarət yığması üçün çox böyük önəm kəsb edib.

Axırıncı turun nəticəsindən asılı olaraq, milli komandamız çempion, yaxud gümüş medalçı və ya bürünc mükafatçı olacaqdı. Eyni zamanda şahmatçılarımız Serbiyada əliboş da qala bilərdilər. Düzdür, bu ehtimal çox az idi. Hər halda, bu gün hollandiyalılarla görüşdə qazanacağımız bir xal sayəsində ən azı gümüş medala sahib çıxacaqdıq. Amma rəqibin heç də zəif olmadığını qeyd etmək lazımdır. Hollandiya yığmamızla qarşılaşmayadək qitə çempionatında uduzmayan iki komandadan biri idi (3 qələbə, 5 heç-heçə).

Lakin komandamız möhtəşəm uğura imza atıb. Son turda Rusiya gözlənilmədən İspaniya ilə heç-heçə oynayıb. Azərbaycan isə hollandları üstələməklə, tarixində ilk dəfə Avropa çempionu tituluna sahib çıxıb.

IX tur
Kişilər
Hollandiya - Azərbaycan - 1,5:2,5

Yan Smits (2642) - Teymur Rəcəbov (2757) - 0,5:0,5
Daniel Stelvagen (2630) - Vüqar Həşimov (2740) - 0:1
Ervin Lami (2606) - Şəhriyar Məmmədyarov (2721) - 0,5:0,5
Saypk Ernst (2589) - Rauf Məmmədov (2626) - 0,5:0,5

Turnir cədvəli: Azərbaycan 15 xal, Rusiya 14, Ukrayna 13.

Qadınlar
Sloveniya - Azərbaycan - 1,5:2,5

Anna Muziçuk (2533) - Zeynəb Məmmədyarova (2285) - 1:0
Yana Kriveç (2329) - Nərmin Kazımova (2228) - 0,5:0,5
Ana Srebrniç (2267) - Türkan Məmmədyarova (2233) - 0:1
Vesna Roziç (2240) - Xəyalə İsgəndərova (2212) - 0:1
Son tur ərəfəsində xanımlarımız fəxri kürsüyə yüksəlmək şansını saxlayırdı. Çünki bürünc mükafata 9 iddiaçı var idi. Yığmamız Sloveniyanı məğlub etsə də, digər iddiaçıların uğursuzluğuna ümid etməli idi. Bununla belə, komandamız qitə çempionatının dördüncü yerdə başa vurub. Düzdür, yığmamız Ukrayna ilə eyni miqdarda, 12 xal toplayıb. Amma əlavə əmsallara görə, ukraynalılar üçüncü yeri tutublar. Rusiya birinci, Gürcüstan isə ikinci olub.