12:10 31-10-2009
news_image
1170
STOLÜSTÜ OYUNLAR

Qəhrəman danışdı: Hətta futbolçular da bizim kimi sevinmirlər

“Oyun başa çatan kimi, biz, o cümlədən Azərbaycan Şahmat Federasiyasının rəsmiləri bir-birimizin üstünə atıldıq, qucaqlaşdıq. Hətta futbolçular dünya çempionu olanda da belə sevinmirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın şahmat üzrə milli komandasının üzvü Vüqar Həşimov deyib.

Serbiyanın Novi Sad şəhərində keçirilmiş komandalararası Avropa çempionatında yığmamızın qızıl medal qazanmasında Həşimovun böyük rolu olub. Yarışın axırıncı turunda Hollandiya ilə görüşdə məhz onun qələbəsindən sonra milli komandamızın tarixdə ilk dəfə Avropa çempionuna yiyələndiyi rəsmiləşib: “Mən çox xoşbəxtəm. Azərbaycan yığmasında mən də daxil olmaqla, heç kim indiyədək belə sevinməmişdi. Son tura gəlincə, İspaniya əsas rəqibimiz Rusiya ilə hesabı bərabərləşdikdən sonra mənim üçün ən ağır dəqiqələr başladı. Çünki bilirdim ki, komandamızda mübarizəni yalnız mən davam etdirirəm və qızıl medal qazanmağımız mənim oyunumdan asılıdır. Təbii ki, burada psixoloji amil böyük önəm kəsb edirdi. Görüşdə əldə etdiyim üstünlüyü sonda qələbəyə çevirə bildim”.

Həşimov Avropa çempionu olmağın sirrini də açıqlayıb: “Prinsipcə, hamı bizim yaxşı komandamız olduğunu çoxdan deyirdi. Hələ səfərə yollanmamışdan öncə ilk “üçlük”də yer alacağımıza inanırdıq. Əlbəttə, Zurab Azmayparaşvilinin yığmamıza kapitan təyin olunması da ümumi uğura öz müsbət təsirini göstərdi. Biz hamıya sübut etdik ki, Azərbaycan əsl komandadır. Qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm. Qarşıda bizi komandalararası dünya çempionatı və Şahmat Olimpiadası gözləyir. Bu yarışlarda da qalib gəlmək lazımdır”.

Mənbə: extratime.az