13:13 07-11-2009
news_image
711
DİGƏR NÖVLƏR

Milli komandanın üzvləri dilənəcəklər

Yeni Zelandiyanın Reqbiçilər İttifaqı (NZRU) və ölkə rəhbərliyi çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, rəsmilər 2011-ci ildə Yeni Zelandiyada keçiriləcək Dünya Kubokunu mümkün qədər az ziyanla başa vurmaq istəyirlər. Hesablamalara əsasən, Dünya Kuboku ölkəyə 40 milyon Yeni Zelandiya dolları ziyan vuracaq.

Ziyanı başqa vasitələrlə sığortalamaq məqsədilə NZRU Yeni Zelandiya yığmasının oyunçularına müraciət ünvanlayıb. Milli komandanın baş məşqçisi Qrehem Henri artıq reqbiçilərlə danışıb: “Deyirlər ki, santimetrlər matçda qalib gəlməyə imkan verir. İndi isə qəpik-quruşlar Dünya Kubokunu ziyandan qurtarmağımıza kömək edə bilər. Məşqlərdən sonra küçə tinlərində durub, dilənməyimiz lazımdır”.

Yığmanın məşqçilər korpusunun və bütün oyunçularının həftə ərzində təxminən 12 saat dilənəcəkləri gözlənilir. Əgər onların musiqi və ya digər bacarıqları varsa, yoldan keçənlərin qarşısında bu istedadlarını nümayiş etdirəcəklər.

Bundan başqa, reqbiçilər komandanın kommersiya əməkdaşlarına bütün təklifləri yerinə yetirəcəklərinə söz veriblər. Onların aldığı ən qeyri-adi təklif isə odur ki, reqbiçilər oyundan öncə “Air New Zealand” şirkətini reklam etmək üçün əllərini yuxarı qaldırıb, təyyarə kimi uçmalıdırlar. Yığma üzvləri pitsa reklamında da çəkiləcəklər.

Milli komandanın kapitanı Riçi Makkounun sözlərindən də onların acınacaqlı vəziyyətdə olduğunu başa düşmək çətin deyil: “Biz bütün təklifləri qəbul etməliyik. Yeri gəlmişkən, sizdə qəpik-quruş yoxdur? Heç olmasa, bir neçə qəpik? Heç yoxdur?”