18:00 09-11-2009
news_image
663
DİGƏR NÖVLƏR

Azərbaycanda yeni milli komanda

Noyabrın 11-də 1994-95-ci il təvəllüdlü oğlan otüstü hokkeyçilər arasında Azərbaycan çempionatı start götürəcək. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib.

Onun bildirdiyinə görə, yarışda 4 komanda - “Sumqayıt”, Nizami RİOEUGİM, “Cənub” və “Aran” çıxış edəcək. İştirakçılar öncə bir dövrəli sistem üzrə bir-birləri ilə qarşılaşacaqlar. Ayın 14-də 1-ci və 2-ci yeri tutmuş komandalar finalda, 3-cü və 4-cü pillədə qərarlaşanlar isə bürünc medal uğrunda görüşəcəklər. Bundan başqa, yarışın ən yaxşı oyunçularından təşkil olunacaq iki kollektiv noyabrın 15-də sınaq matçında üz-üzə gələcək.

Çempionatın keçirilməsində əsas məqsəd 16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli komandasını formalaşdırmaqdır. Qarşıdakı günlərdə yaradılacaq U-16 yığmamız gələn il ilk dəfə Avropa çempionatında qüvvəsini sınayacaq.