13:24 21-11-2009
news_image
513
DİGƏR NÖVLƏR

Azad Rəhimov Con Stillə görüşəcək

Noyabrın 23-də “Beynəlxalq İdman Həyəcanı” proqramının hesabat konfransı keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, konfrans bir sıra rəsmilərin iştirakı ilə baş tutacaq.

Belə ki, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Elmar Qasımov və Birləşmiş Krallığın İdman Şurasının icraçı-direktoru Con Stil bir araya gələcəklər. Konfransın keçirilməsində əsas məqsəd “Beynəlxalq İdman Həyəcanı” proqramının Azərbaycanda fəaliyyətə başladığı dövrdən bu sahədə görülən işlər və əldə olunmuş nailiyyətlər haqqında məlumat vermək, müzakirələr aparmaqdır.

Birləşmiş Krallığın İdman Şurasının icraçı-direktoru Con Stil ölkəmizdə olduğu müddətdə Azad Rəhimov, eləcə də Birləşmiş Krallığın Azərbaycandakı səfiri, xanım Karolayn Broun, “British Council”in regional rəhbəri Poul Dabldey, UNICEF-in ölkə rəhbəri Mark Herevard və digər rəsmilərlə görüşlər keçirəcək. Bunda başqa, Stil Bakı Olimpiya Kompleksində idman festivalı və Sumqayıt Paralimpiya Kompleksində təşkil olunacaq yarışları izləyəcək.