11:31 01-12-2009
news_image
726
DİGƏR NÖVLƏR

Serena Uilyamsa misli görünməmiş cəza

Dünyanın ən güclü qadın tennisçisi Serena Uilyams sərt cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı amerikalı idmançı “Böyük Dəbilqə” turnirləri tarixində misli görünməmiş məbləğdə cərimələnib. O, 82 min ABŞ dolları cərimə ödəyəcək. Buna Serenanın Açıq ABŞ çempionatında raketkasını yerə tullaması və hakimə təzyiq göstərməsi səbəb olub.

Uilyams çempionatın yarımfinalında belçikalı Kim Kliyterslə görüşdə əsəblərini cilovlaya bilməyib. Onu özündən çıxaran epizod setlərin hesabında 0:1 geridə qaldığı və ikinci setdə də uduzmaq üzrə (5:6) olduğu zaman baş verib. Hakim ABŞ tennisçisinin xətti tapdalayaraq, qaydaları pozması barədə qərar çıxarıb. Nəticədə Uilyams ikinci seti 5:7 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb. Matçdan sonra o, hakimə çılğın etirazını bildirib, raketkasını hirslə yerə çırpıb.

Bu hərəkətlər Serenaya təkcə 82 min dollarlıq cərimə bahasına başa gəlməyib. Əgər o, yaxın 2 il ərzində eyni hərəkəti təkrarlayarsa, “Böyük Dəbilqə”dən dərhal kənarlaşdırılacaq və cərimənin məbləği 175 min dollara qalxacaq.

Xatırladaq ki, indiyədək “Böyük Dəbilqə”də ən böyük cəriməyə amerikalı Ceffri Taranqo məruz qalmışdı. O, 1990-cı ildə 48 min dollar cərimələnmişdi.