13:19 01-12-2009
news_image
658
STOLÜSTÜ OYUNLAR

Aleksandr Onişuk Vüqar Həşimovdan nə istəyir?

Azərbaycan şahmatçısı Vüqar Həşimovun Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan Dünya Kubokunun 1/16 finalında çinli Liu Çaonu texniki qələbə sayəsində mübarizədən kənarlaşdırılması barədə müzakirələr səngimək bilmir. Apasport.az saytının məlumatına görə, yarışın iştirakçılarından olan ABŞ idmançısı Aleksandr Onişuk mətbuat konfransı keçirərək, Çaonun turnirdən çıxarılmasından məyusluğunu bildirib.

“Bu vəziyyət məni çox məyus etdi. Fikrimcə, bəzi şeylər ağılsızcasına oldu. Hamımız qaydaları bilirik: oyuna gecikən məğlub sayılır. Lakin gecikmədən gecikməyə fərq var. Əgər şahmatçının partiyanın 15:00-da başlanmasından xəbəri varsa, amma 15:01-də gəlirsə, əlbəttə o, məğlubiyyətə layiqdir. Bu yarışda isə tam başqa mənzərə yaşanır. Şahmatçılar 14 partiyalıq tay-breykə hazırlaşırlar və heç kim oyunların dəqiq başlanma vaxtını bilmir” - deyə Onişuk etirazını vurğulayıb.

O söyləyib ki, istənilən şahmatçının belə xoşagəlməz halla üzləşməsi mümkündür: “Bu gün çinlilərin bəxti gətirmədi, sabah isə başqa kimsə eyni aqibəti yaşayacaq. Fakt odur ki, Dünya Kuboku iki əla iştirakçısını itirdi. Təkcə onlar yox, həm də azarkeşlər itirdilər. Şahmat dünyası itki ilə üzləşdi”.

Onişuk şahmatçıların oyuna gecikməməsinin qarşısını almaq üçün təkliflər irəli sürüb: “Bundan ötrü bir neçə variant var. Əvvəla foyedə hadisələrin gedişatı yazılan böyük ekran asmaq olar. Yaxud oyunçulara partiyaların başlanma vaxtını qabaqcadan xəbər vermək üçün peycerlər paylamaq mümkündür. ABŞ-da fast-fudlarda müştərilərə xüsusi jeton verilir. Yemək hazır olan zaman həmin jeton titrəyir. Bu jetonların qiyməti 2 qəpikdir. Analoji üsulu Dünya Kubokunda tətbiq etmək heç də çətin deyil”.

Qeyd edək ki, Dünya Kubokunun 1/16 finalının ikinci tay-breyk görüşündən əvvəl Həşimovun rəqibi Çao və onun həmyerlisi Van Yue siqaret çəkmək üçün zalı tərk ediblər. Onların başları qarışdığından, oyuna 2 dəqiqə gecikiblər. Buna görə də təşkilatçılar hər iki çinli şahmatçını yarışdan uzaqlaşdırıblar.