18:24 02-12-2009
news_image
1045
STOLÜSTÜ OYUNLAR

“6 yaşlı uşaq məndən yaxşı oynayar”

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xanti-Mansiysk şəhərində təşkil edilən Dünya Kubokunda uğursuzluğa düçar olmasının səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yarışın keçirildiyi məkanın konfrans zalında jurnalistlərlə görüşən 22 yaşı həmyerlimiz öncə 1/32 finalda rusiyalı Konstantin Sakayevə uduzmasından danışıb (0,5:1:5).

- Uduzmağımın səbəbi oyunumdakı enişlə bağlıdır. Bu eniş məndə hələ Çində keçirilmiş superturnirdən başlanıb. Oyunumda çox ciddi problem yaranıb. Bu, Xantı-Mansiyskdə öz təsirini göstərməyə bilməzdi. Axı, Sakayevlə ikinci görüşümdə, ağlarla oynayarkən, qalib gəlmək üçün yaxşı şansım var idi. Görüşdə toplu endşpil oldu, hətta həmin vaxt düşünmədən oynamaq mümkün idi. Nə rəqib, nə də mən bilirdik ki, qaraların heç-heçə şansı var, ya yox. Əslində, mən dəqiq qalib gəlməli idim. Sadəcə, bir neçə düzgün gediş etməli idim. Bu gedişləri görməyə mənə nə mane oldu? Bilmirəm. Yəqin ki, pis formada olmağım...

- 1/32 finalda uduzan Vasili İvançuk peşəkar karyerasını başa vurması ilə bağlı emosional açıqlama verib. Sizin ağlınıza belə fikir gəlməyib?
- İndi mənim daxili vəziyyətim heç də yaxşı deyil. Ancaq bir məqamı unutmayaq, mən neçə il şahmat oynamışam, İvançuk nə qədər. Şübhəsiz ki, əsəb sistemi o qədər laxlamayıb ki, bir məğlubiyyətdən sonra belə qəti qərar verim. Zənnimcə, İvançuk da heç yerə getməyəcək. Bəli, o, dilxorluq ucbatından nəsə deyə bilər. Lakin növbəti turnirlərdə onu görmək olacaq. Fikrimcə, İvançuk peşəkar şahmatda ən yaşlı oyunçularından biri olacaq.

- Qorxmursunuz ki, bir sıra uğursuz çıxışdan sonra sizi elit turnirlərə dəvət etməsinlər?
- Hazırda təşkilatçılar yox, öz oyunumu gücləndirmək haqda düşünməliyəm. Gələn ilin ortalarında Qran-Prinin sonuncu mərhələsi baş tutacaq. Mənim iddiaçılar mərhələsinə yüksəlmək şansım var. Ənənəvi elit səviyyədə mübarizə aparmaq üçün bütün imkanlarım var. Bu imkanları istifadə etmək lazımdır.

- Həştərxandakı yarışa xüsusi hazırlıq keçəcəksiniz?
- Ümumiyyətlə, mən oyunum üzərində işləməyə başlayacağam. İnanıram ki, müsbət nəticələr əldə edəcəyəm. Çünki indi oynadığımdan da zəif təsir bağışlamaq mümkün deyil. Sakayevlə ilk görüşümə fikir verin: əgər 6 yaşlı qardaşım yerimdə otursaydı, məndən yaxşı oynayardı!

- Adətən siz Xantı-Mansiyskdə zəif çıxış edirsiniz.
- Burada günah şəhərdə deyil. Onsuz da son vaxtlar oyunumda geriləmə müşahidə olunur. Oyun üslubumu belə, müəyyənləşdirməyə çətinlik çəkirəm.

- Gəlin bir az da pozitiv məqamlardan söz açaq. Məsələn, Azərbaycan yığmasının qızıl medal qazandığı komandalararası Avropa çempionatından.
- Qitə çempionatında biz vahid komanda idik. Əvvəllər hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirirdi. Avropa çempionu olduğumuza görə çox şadıq. Ümidvaram ki, Türkiyədə keçiriləcək komandalararası dünya çempionatında da qızıl medallar uğrunda mübarizə aparacağıq.

- Kapitan Zurab Azmayparaşvili yığmada hansı rolu oynayır?
- O, bizim başlıca strateqimizdir. Zurabla işləmək həmişə xoşdur. Hələ gənc və perspektivli şahmatçı olduğum vaxtdan onu tanıyıram. O, çoxları üçün avtoritetdir. Buna görə də biz həmişə onu dinləməyə və hansısa məsləhətlərini qəbul etməyə hazırıq. İnanıram ki, o, gələcəkdə də bizə yardımçı olacaq.

- Sizin qələbənizi Azərbaycanda necə qeyd etdilər?
- Fantastik! Bizi hətta ölkə prezidenti İlham Əliyev də qəbul etdi. Bu, istənilən idmançı üçün böyük fəxrdir. Belə anları xatırlamaq xoşdur! Xüsusilə indi, pis oynadığım vaxtda...