18:58 02-12-2009
news_image
1039
DİGƏR NÖVLƏR

Gənclər və İdman Nazirliyi totalizatorla bağlı müəssisə yaratdı

Gənclər və İdman Nazirliyi nəzdində “Azəridmanservis” Dövlət Müəssisəsi yaradılıb. Apasport.az saytının məlumatına görə, bu haqda nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yeni qurum iyunun 30-da Milli Məclisdə qəbul olunan “Bədən Tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təşkil edilib. Hazırda “Azəridmanservis”in əsasnaməsinin hazırlanması, operatorun təyin olunması prosesi gedir. İşləri aparacaq operator müəyyənləşdirildikdən sonra onunla “Azəridmanservis” arasında müqavilə imzalanacaq.

Yeni qurum Azərbaycanda idman lotereyası, idman mərc oyunlarının (totalizator) keçirilməsindən daxil olan vəsaitlərə nəzarət edəcək. Hələlik ölkəmizdə futbol oyunlarına pul qoyuluşları daha çox edilir. Məmmədova bukmeyker kontorlarından daxil olan vəsaitin Gənclər və İdman Nazirliyi ilə AFFA arasında bölüşdürüləcəyini və idmanın, o cümlədən, futbolun inkişafına yönəldiləcəyini açıqlayıb. Lakin o, bölgünün hansı faiz nisbətində olacağını hələ bilinmədiyini söyləyib: “Bunu hələ deyə bilmərik. Əvvəlcə operator müəyyənləşdirilməli, sonra gəlirin həcminə və totalizatorlara marağın səviyyəsinə baxılmalıdır. Məhz bu və digər amillərə əsasən, vəsaitin bölgüsü həyata keçiriləcək”.

Qeyd edək ki, “Bədən Tərbiyəsi və İdman haqqında” qanunun 54-cü maddəsinə əsasən, Bədən tərbiyəsi və idman Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan, bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsindən əldə olunan, idman lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər, fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir.

Mənbə: lent.az