15:31 04-12-2009
news_image
538
DİGƏR NÖVLƏR

“Dünya birinciliyində idmançılarımızın ilk “16-lığ”a düşməsi böyük uğur olardı”

“Qılıncoynadanlarımızın gücünü real qiymətləndirmək lazımdır. Açığı, dünya birinciliyində təmsilçilərimizə böyük ümidimiz yoxdur. Peşəkar idmançının yetişməsi üçün 10-12 il lazımdır. Fikrimcə, dünya birinciliyində idmançılarımızın ilk “16-lığ”a düşməsi böyük uğur olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov deyib.

Bu gün mətbuat konfransı keçirən Məmmədov 2010-cu il aprelin 1-dən 10-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək kadetlərin və yeniyetmələrin dünya birinciliyindən danışıb. Federasiya rəsmisi qarşıdakı yarışda ölkəmizin sablya və şpaqa ilə yanaşı, rapira növündə də təmsil olunacağını söyləyib: “Rapira növündə qızların şəxsi yarışında iştirak etmək ehtimalı var. Yığma komandalarımızın üzvləri dünya birinciliyinə hazırlıq məqsədilə sentyabrda Almaniyada təlim-məşq toplanışı keçiblər. Növbəti belə hazırlıq prosesi gələn ilin yanvarında Kiyevdə planlaşdırılır. Bundan başqa, dünya birinciliyindən bir ay öncə, martda Beynəlxalq Qılıncoynatma Federasiyasının ənənəvi təlim-məşq toplanışı olacaq. Ənənəyə görə, burada 100-ə qədər ölkənin hərəsindən 1 idmançı iştirak edəcək”.

Aprelin 1-də isə Bakıda Beynəlxalq Qılıncoynatma Federasiyasının Baş Assambleyası keçiriləcək. Bu, federasiyanın son assambleyası kimi tarixə düşəcək. Məsələ burasındadır ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının bundan sonra assambleya təşkil etməyəcək və yalnız ildə 1 dəfə konqres olacaq.