16:39 14-12-2009
news_image
915
STOLÜSTÜ OYUNLAR

Rövnəq Abdullayev: Milli komandamız Ermənistanı məğlub etməli idi

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev qadın şahmatçılardan ibarət yığmamızın üzvlərini qəbul edib. Apasport.az saytının məlumatına görə, görüşdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədov, Faiq Həsənov, eləcə də milli komandanın kapitanı Anar Allahverdiyev də iştirak edib.

Oktyabrda Serbiyanın Novi Sad şəhərində keçirilmiş komandalarası Avropa çempionatında qadın şahmatçılarımızın uğurla yarışdığını deyən Abdullayev nəticədən razı qaldığını bildirib: “Ölkəmizdə artıq qadın şahmatında da irəliləyiş var. Siz kişilərdən geri qalmırsınız. Avropa çempionatında 3-4-cü yerləri bölüşdürməyiniz böyük uğurdur. Növbəti yarışda 1-2-ci yerlər uğrunda mübarizə aparacağınıza inanıram. Çünki Azərbaycanda şahmatın inkişafı üçün hər bir şərait yaradılıb. Dövlət tərəfindən bu sahəyə diqqət və qayğı göstərilir”.

ARDNŞ prezidenti Ermənistanla qarşılaşmada yığmamızdan qələbə gözlədiyini söyləyib: “Həm Gürcüstan, həm də Ermənistanla oyunlarınız heç-heçə başa çatdı. Hərçənd, Ermənistanı məğlub etməli idiniz. Gələn dəfə onların komandasına qalib gələrsiniz. Əsas odur ki, yekunda Ermənistanı arxada qoydunuz”.

Abdullayev onu da vurğulayıb ki, Azərbaycanda şahmat infrastrukturu yaxşılaşdırılır və bu iş davam etdiriləcək. O, Naxçıvanda hətta dünya çempionatı keçirməyin də mümkünlüyünü bildirib. Daha sonra çıxış edən Mahir Məmmədov və Faiq Həsənov qəbula görə ARDNŞ prezidentinə minnətdarlıqlarını bildiriblər. Yığmamızın lideri Zeynəb Məmmədyarova isə qadınların “şahmat tacı”nın Azərbaycana gətirilməsini arzulayıb. Sonda milli komandamızın üzvləri - Zeynəb Məmmədyarova, Nərmin Kazımova, Türkan Məmmədyarova, Xəyalə İsgəndərova və Gülnar Məmmədovaya kompyuter və telefon hədiyyə olunub.

Qeyd edək ki, adıçəkilən xanım şahmatçılar ARDNŞ balansında olan “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin şərəfini qoruyur. Kişi şahmatçılardan Teymur Rəcəbov və Vüqar Həşimov da “Neftçi”nin üzvüdür. Lakin onlar üzrlü səbəbdən bugünkü tədbirə qatılmayıblar.