13:09 17-12-2009
news_image
836
STOLÜSTÜ OYUNLAR

“Əfsuslar olsun ki, Aronyan Bakıya gəlmək istəmir” - MÜSAHİBƏ

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun Lent.az-a müsahibəsi

- Şahmat tacına iddiaçıların görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı işlər nə yerdədir?
- Yəqin ki, FİDE (Beynəlxalq Şahmat Federasiyası – E.M.) 8 iddiaçıdan yarısının Rusiyada, yarısının isə Azərbaycanda mübarizə aparacaqları haqda qərar qəbul edəcək. Əlbəttə, Bakıda çıxış edəcək 4 şahmatçı arasında Levon Aronyan olmayacaq. Bu, FİDE ilə Azərbaycan Şahmat Federasiyası arasında kompromis variantdır. Çünki Ermənistan tərəfi də iddiaçıların görüşünü öz ərazisində keçirmək istəyirdi. Biz bu məsələyə mənfi yanaşırdıq. Çünki süni paritet yaranması və bu prinsipə kor-koranə riayət olunmasına qarşı idik. İddiaçıların matçlarının iki yerə bölünməsi və onların Azərbaycanla Rusiyada keçirilməsi kompromis variantdır. Hərçənd, biz bütün iddiaçıları Bakıda qəbul etmək istəyirdik. Hətta öz tərəfimizdən bu barədə müqavilə imzalamışdıq, ilkin razılıq da var idi. Əfsuslar olsun ki, Aronyan Bakıya gəlmək istəmir.

- Bəs siz Ermənistan şahmatçısını da Bakıda qəbul etməyə hazır idiniz?
- Təsəvvür edə biləcəyimiz ən yüksək səviyyədə. Aronyanın Azərbaycana gəlməsinin təhlükəli olduğu aydın məsələdir, bir aksiomdur. Amma onun Bakıya gəlməsi və qəbul olunma şərtləri danışılıb, razılaşdırılmışdı. Son illər Azərbaycan idmançılarının Ermənistanda, Ermənistan idmançılarının isə Azərbaycanda yarışlara qatılması istiqamətində təcrübə var. İdmanın siyasətdən kənar olması prinsipinə tamamilə riayət olunur. Lakin bu, artıq reallıqdır ki, Aronyan Bakıya gəlmək istəmir. Mənim onu müdafiə etmək fikrim yoxdur, amma onun məntiqini başa düşürəm. Aronyan deyir ki, şahmat beyin oyunudur. Hamının sənə məğlubiyyət arzulaması, azarkeşlik etməməsi fizioloji baxımdan, beyinlə bağlı məsələdir. Əlbəttə, Azərbaycanda Aronyanın azarkeşi yoxdur. Onun məntiqi də bununla bağlıdır. Mən onun məntiqini başa düşsəm də, qəbul etmirəm.

- Amma Levon Aronyan Ermənistan mətbuatına açıqlamasında Bakıya gəlməyə hazır olduğunu bildirib...
- Mən Aronyanın FİDE-yə dediyini çatdırıram. Bu da ola bilər ki, o, Ermənistan mətbuatı və ölkə daxili üçün bir, FİDE ilə bizim də şahidi olduğumuz danışıqlarda başqa səbəb göstərir. Ermənistan Şahmat Federasiyasının prezidenti Serj Sərkisyan həm də ölkə rəhbəridir. Ola bilsin, Aronyanın Bakıya gəlmək istəməməsində bu və digər amillər də öz rolunu oynayıb.

- Bakıya gələcək şahmatçıların siyahısı dəqiqləşib?
- Hələ iddiaçıların tam siyahısı müəyyənləşməyib. Bunlardan biri Veselin Topalov – Vişvanatan Anand görüşündə uduzan şahmatçı olacaq. İkincisi Qata Kamski, üçüncüsü Boris Gelfanddır. İddiaçılar siyahısında dördüncü şahmatçı Levon Aronyan, beşincisi Maqnus Karlsen, altıncısı Aleksandr Kramnikdir. Hələlik iddiaçılardan altısı məlumdur. Yeddinci şahmatçı ev sahibinin namizədi, səkkizincisi isə Qran-pri”də ikinci yeri tutan olmalıdır. Yarış Azərbaycanda keçiriləcəyindən, son iki yerə iddia etməyə tam haqqımız var. Çünki “Qran-pri”də ikinci yeri məhz azərbaycanlı Teymur Rəcəbov tutub. FİDE ilə kompromis razılığa əsasən, ev sahibinin namizədi Azərbaycan tərəfindən olacaq. Çünki Rusiya tərəfinin namizədi Aleksandr Kramnik artıq bu hüquqa yiyələnib. Ölkəmizi təmsil edəcək şahmatçılar isə Teymur Rəcəbov, Vüqar Həşimov və Şəhriyar Məmmədyarov üçlüyündən ikisi olacaq.

- Bu halda, Azərbaycanda çıxış edəcək 4 şahmatçıdan 2-si həmyerlilərimiz olacaq?
- Bilmirik. Bölgünü FİDE aparacaq. Amma bunun püşkatma və ya reytinq prinsipinə əsasında aparılacağını hələ ali şahmat qurumu müəyyənləşdirməyib.

- Yığma komandamızın baş məşqçisi Fikrət Sideifzadə Avropa çempionatında və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevlə görüşdə iştirak etməyib. Bu, federasiya rəhbərliyində Sideifzadəyə qarşı münasibətin dəyişməsi anlamına gəlmir?
- Fikrət müəllim bütün yığmalarımızın baş məşqçisi, koordinatorudur. Ancaq o, daha çox gənc şahmatçılarla işləyir. Artıq həm Avropa, həm də dünya çempionatında uğurlarımız var. Sideifzadə bu işdən ayrılmayıb, öz fəaliyyətini davam etdirir. Digər tərəfdən, komandanın uğurlu çıxışı kapitanla bağlıdır. Qadınlardan ibarət yığmamızda kapitan Anar Allahverdiyev, kişilərdə isə Zurab Azmayparaşvilidir. Ona görə də istər ölkə prezidenti, istərsə də Rövnəq müəllimlə görüşdə kapitanlar iştirak edirdi. Fikrət müəllim bizim dostumuz, şahmatımızın ağsaqqallarından biri, federasiyamızın görkəmli üzvü və nəhayət, bütün yığmalarımızın baş məşqçisi, koordinatorudur. Şəxsən mən onu özümə dost sayıram. Sideifzadəyə qarşı başqa münasibətimiz yoxdur.

- Yığmamızın kapitanı qismində Zurab Azmayparaşvilinin dəvət olunması düzgün addım atdığınızı göstərdi. Amma baş məşqçi olduğu halda FİDE-nin vitse-prezidentinə üstünlük verməyiniz nə ilə əlaqədar idi?
- Rusların bir misalı var. Azərbaycancaya çevirəndə belə alınır: “Məqsədə gedən yol məqsədə bəraət qazandırır”. Biz Azmayparaşvilini dəvət etdik və bəhrəsini gördük. Deyə bilmərik ki, bu praktikadan həmişə istifadə edəcəyik. Müəyyən dövrdə bizə yerlilikdən, stereotiplərdən uzaq və şahmatçılarımızı tanıyan şəxs lazım idi. Bütün bunları nəzərə aldıqda, Azmayparaşvili ideal bir variant oldu. Daha doğrusu, Zurab Azmayparaşvili yox idisə, onu icad etmək lazım idi. Biz onu tapdıq.

- İddiaçıların yarışından daha yüksəkdə duran şahmat tacı uğrunda görüşə Azərbaycan təmsilçilərinin də vəsiqə şansları nə qədərdir?
- Son mərhələ sayılan “Şahmat tacı” uğrunda görüş 2010-cu ilin yazında Bolqarıstanın paytaxtı Sofiyada Vişvanatan Anandla Veselin Topalov arasında keçiriləcək. Ümid edirəm ki, növbəti belə matçda Azərbaycan şahmatçısı iştirak edəcək. İddiaçıların matçını qəbul etməyimiz bu yolda son addım olacaq.

- İddiaçıların görüşünün nə vaxt keçirilməsi nəzərdə tutulub?
- Əvvəlcə bu görüşü 2010-cu ilin payızına təyin etmişdik. Lakin həmin vaxt Rusiyanın Xantı-Mantiysk şəhərində Şahmat Olimpiadası keçiriləcəyindən və iddiaçıların görüşünün ikinci hissəsinin məhz orada baş tutma ehtimalı olduğundan, 2011-ci ilin yazına təyin etməyi qərara almışıq.