14:35 22-12-2009
news_image
647
DİGƏR NÖVLƏR

Aşumova 2 medal qazandı, Lunyov rekord vurdu

Azərbaycanın ən titullu güllə atıcı İradə Aşumova və onun oğlu Ruslan Lunyov Lüksemburqda təşkil olunan beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, ilin son yarışında həmvətənlərimizin çıxışları uğurlu alınıb.

10 metrlik məsafədən pnevmatik tapança ilə atəş üzrə keçirilən yarışda Aşumova 3 gün ardıcıl atəş xəttinə çıxaraq, 2 medalla qayıdıb. Afina Olimpiadasının bürünc mükafatçısı ilk gündə 400 mümkün xaldan 378-ni toplayaraq, 2-ci yeri tutub. Növbəti gündə idmançımız daha çox xal toplamasına baxmayaraq (383 xal), bürünc medalla kifayətlənib. Son gündə isə Aşumova 376 xalla 5-ci pillədə qərarlaşıb.

Gənclər arasında mübarizə aparan Ruslan Lunyov da iki dəfə fəxri kürsüyə yüksəlib. Hərçənd turnirin birinci günü onun üçün heç də uğurlu olmayıb. O, 600 mümkün xaldan 562-ni yığaraq, 5-ci yeri tutub. Sonrakı iki gündə hər şey qaydasına düşüb. Ruslan öncə gümüş (568 xal), ardından qızıl medala (576+100.6 xal) layiq görülüb. Lunyov Lüksemburqda həm də şəxsi rekordunu təzələyib. Güllə atıcımızın indiyədək göstərdiyi ən yüksək nəticə 673.2 xal (576+97.2) olub. Bununla da o, öz nəticəsini 3,2 xal yaxşılaşdırıb.

Qeyd edək ki, Lüksemburqdakı turnir bu il 20 yaşı tamam olmuş Ruslan üçün gənclər arasında keçirdiyi son yarış olub.