12:21 24-12-2009
news_image
576
DİGƏR NÖVLƏR

Mixael Şumaxerə avrokubokda oynamaq təklif olunub

Moldovanın “Olimpiya” klubu “Formula-1” yarışlarının 7 qat dünya çempionu Mixael Şumaxeri heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, 3 illik fasilədən sonra yenidən avtomobil yarışlarına qayıdan sürücüyə moldovalıların təşkil etdiyi müsabiqəyə qatılmaq təklif olunub. Komandanın vitse-prezidenti Sergey Kiselyov dünya idmanı tarixinə adını qızıl hərflərlə yazdıran Şumaxerin müsabiqədə qalib gəlmək perspektivinin böyük olduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl komandanın start heyətindəki yerlərin birini satmaq qərarına gələn moldovalılar hərrac xarakterli müsabiqə elan etmişdi. Bura qatılmaq üçün 10 min avro üzvlük haqqı ödəyənlər avrokubok matçında “Olimpiya”nın start heyətində meydana çıxmaq üçün nə qədər para ödəyəcəklərini açıqlamalı idi. Ən böyük məbləğ təklif edən isə kimliyindən asılı olmayaraq, yayda qitə kuboklarında klubun heyətində meydana çıxacaq.

Kiselyov Şumaxer üçün müsabiqənin cəlbedici olduğunu bildirib: “Şumaxer yaxşı futbol oynayır. Onun 5-7 il əvvəl Braziliyada veteranlarla oynadığını, 2 il öncə isə İsveçrənin aşağı dəstəsində top qovduğunu bilirik. Ziko, Ronaldo kimi ulduzlarla birgə oynayıb. Almaniyalı futbolu çox sevdiyindən, qitə kuboklarında oynamaq həyatının ən yaddaqalan hadisələrindən biri ola bilər. Üstəlik, minlərlə moldovalı uşağa futbol gələcəyi bəxş etmiş olar”.

Qeyd edək ki, “Olimpiya” müsabiqəyə start versə də, avrokuboklara vəsiqə qazanmalıdır.