12:51 28-12-2009
news_image
697
DİGƏR NÖVLƏR

Azad Rəhimov: İdmançılarımız bunu ilk dəfə bacardılar

“2009-cu il Azərbaycan idmanına növbəti uğurlu il kimi düşüb”. Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Bu gün 2009-cu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirən nazir idmançılarımızla bağlı statistik göstəricilərini nəzərə çatdırıb: “İdmançılarımız bu il 600-dən çox medal qazanıb. Bunlardan 174-ü olimpiya idman növünə aiddir. İlk dəfə il ərzində dünya çempionatlarında 4 qızıl medal qazanmışıq. 84 idman növü üzrə 450 respublika yarışı olub. 180 dünya, 228 Avropa çempionatı və birinciliklərinə idmançılarımız qatılıb. 321 təlim-məşq toplanışında 3315 nəfər iştirak edib”.

Uğurlar barədə ətraflı danışan Rəhimov ən çox Ermənistanda qazanılan uğura sevinib: “Bizi ən çox sevindirən gənc cüdoçularımızın İrəvanda keçirilən Avropa çempionatında qazandıqları nailiyyətdir. Həmin yarışda bayrağımızın 5 dəfə yüksəlməsi, dövlət himnimizin səsləndirilməsi fərəhli haldır. Bundan başqa, güləş, gimnastika növlərində ciddi uğurlarımız olub. 2010-cu ildə Sinqapurda keçiriləcək I Yay Olimpiya Oyunlarına 5 idmançımız, o cümlədən 3 cüdoçu, 1 ağır atlet və 1 kanoeçi lisenziya qazanıb”.

Rəhimov bildirib ki, ölkə idmanının maddi-texniki bazası gücləndirilib: “Bu il 5 olimpiya idman kompleksi – Şərur, İsmayıllı, Şəmkir, Hövsan və Şağanda – açılıb. Hazırda ölkəmizdə 24 olimpiya idman kompleksi fəaliyyət göstərir. Daha 12 qurğu tikilməkdədir. 2010-cu ildə Göyçay, Ağdaş, Tovuz, Balakən və Mingəçevirdə belə komplekslər açılacaq”.

Nazir onu da vurğulayıb ki, gələn il Bakıda qılıncoynatma üzər gənclərin dünya, güləş üzrə Avropa, boks üzrə gənclərin dünya və bodibildinq üzrə dünya çempionatı keçiriləcək.