22:12 05-01-2010
news_image
3755
STOLÜSTÜ OYUNLAR

Azərbaycan DÇ-yə Ermənistan üzərində qələbə ilə başladı

Bu gün Türkiyənin Bursa şəhərində kişi şahmatçılardan ibarət milli komandalar arasında dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan da daxil olmaqla, 10 yığma mübarizə aparır.

Bursaya təşrif buyuran Rusiya, Braziliya, Hindistan (Çinin əvəzinə) və Misir komandaları qitə çempionlarıdır. Ermənistan, İsrail və ABŞ isə 2008-ci ildə keçirilmiş Şahmat Olimpiadasında ilk “üçlüy”ü tutduqları üçün dünya çempionatında iştirak hüququna yiyələniblər. Türkiyə ev sahibi qismində, Azərbaycan və Yunanıstan isə FİDE-nin dəvəti əsasında yarışda çıxış edir.

Milli komandamızın heyətində Vüqar Həşimov (2759), Teymur Rəcəbov (2733), Şəhriyar Məmmədyarov (2741), Rauf Məmmədov (2640), Qədir Hüseynov (2614) və Nicat Məmmədov (2610) yer alıb. Püşkün nəticəsinə görə, ötən il Avropa çempionu olmuş yığmamız ilk turda ermənilərlə münasibətlərə aydınlıq gətirib.

Xatırladaq ki, yığmamız son iki oyunda Ermənistana məğlub olub. Şahmatçılarımız həm 2008-ci ildə Almaniyada keçirilmiş Şahmat Olimpiadasında, həm də ötən il Serbiyada gerçəkləşmiş komandalararası Avropa çempionatında ermənilərə eyni hesabla (1,5:2,5) uduzublar.

I tur, 5 yanvar
Azərbaycan - Ermənistan - 2,5:1,5

1. Vüqar Həşimov (2759) - Levon Aronyan (2781) - 0,5:0,5
2. Teymur Rəcəbov (2733) - Vladimir Akopyan (2678) - 0,5:0,5
3. Şəhriyar Məmmədyarov (2741) - Arman Paşikyan (2647) - 1:0
4. Rauf Məmmədov (2640) - Tiqran L Petrosyan (2627) - 0,5:0,5

Birinci lövhədə baş tutan qarşılaşma 25-ci gedişdə başa çatıb. Ağ fiqurlarla oynayan Həşimov yığmamıza yarım xal qazandırıb.
Şəhriyar Məmməduarov III lövhədə rəqibinə şans verməyib. Bu qələbədən sonra komandamız hesabda irəli çıxır.
Rəcəbov da oyununu başa vurdu. Həmyerlimiz Akopyanla heç-heçə edib.
Sonuncu IV lövhədə Məmmədovla Petrosyanın görüşündə də heç-heçə qeydə alınıb. Buna baxmayaraq, komandamız Məmmədyarovun qələbəsi sayəsində işğalçı ölkə şahmatçılarını məğlub edib.

Digər görüşlər:
Türkiyə - ABŞ - 1:3
Hindistan - Yunanıstan - 2,5:1,5
Rusiya - Braziliya - 2,5:1.5
Misir - İsrail - 1:3