11:16 06-01-2010
news_image
954
STOLÜSTÜ OYUNLAR

Petrosyan yığmamızın kapitanı ilə yanaşı görünmək istəmədi

Türkiyənin Bursa şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatında Azərbaycan - Ermənistan görüşündən öncə maraqlı anlar yaşanıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, oyundan əvvəl ermənilərin kapitanı Arşak Petrosyan yığmamızdakı həmkarı Zurab Azmayparaşvili ilə müsahibə verməkdən imtina edib.

Azmayparaşvili bunun səbəbi haqda belə fikir yürüdüb: “Düşünürəm ki, Ermənistan Şahmat Federasiyasının rəhbərliyi turnir başa çatanadək texniki heyət və oyunçuların müsahibə verməsinə qadağa qoyub. Bu, yarışa köklənmənin pozulmaması üçün atılan addım ola bilər. Bəlkə də onlar bizə belə deyiblər. Açığı, bununla bağlı çox danışmaq istəmirəm”.

Milli komandamızın kapitanı çempionatın ilk turunda Ermənistanla üz-üzə gəlməyin simvolik xarakter daşıdığını söyləyib: “Biz son Avropa, Ermənistan isə son olimpiya çempionudur. İki güclü komanda arasında qarşılaşma maraqlı keçəcək. Qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Azmayparaşvili onu da bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, iki ölkə arasında münasibətlərin gərgin olmasına baxmayaraq, oyunu siyasiləşdirməyin əleyhinədir: “Biz idmanla məşğuluq. İşimiz siyasət deyil”.

Partiyada ilk simvolik gedişi Bursa Bələdiyyəsinin sədri Rəcəp Altəpə edib. Oyun 2,5:1,5 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Yanvarın 14-dək davam edəcək dünya çempionatında milli komandamız daha 8 oyuna çıxacaq.