11:17 07-01-2010
news_image
777
DİGƏR NÖVLƏR

Azərbaycan hökuməti idman yarışlarının maliyyələşdirilməsi qaydaları və xərclərin normalarını təsdiq edib

Azərbaycan Nazirlər Kabineti “Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid Təqvim Planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nı təsdiq edib. Bu barədə “APA-Economics”ə Nazirlər Kabinetindən məlumat verilib.

Dövlət büdcəsi vəsaitlərindən istifadə edən bütün təşkilatlara şamil edilən qaydalara əsasən, idman tədbirlərinin keçirilməsində dövlət büdcəsinin vəsaitlərindən istifadə edən müvafiq kredit sərəncamçıları gələn il üçün keçiriləcək tədbirlərə tələb olunan zəruri vəsaitlərin ümumi hesablamalarını 01.07.2010-cu il tarixinə qədər Maliyyə Nazirliyinə təqdim etməlidir. Ümumi hesablamalarda idman növləri üzrə keçiriləcək tədbirlərin iştirakçılarının sayı, tədbir günlərinin sayı, günlərin sayına görə adambaşına tələb olunan vəsait və tədbirin keçirilməsinə tələb olunan ümumi xərclərin məbləği öz əksini tapmalıdıır.

Qaydalarda əksini tapmış digər müddəaya əsasən, respublika idman tədbirlərinin qaliblərinin xatirə prizləri ilə mükafatlandırılması şəxsi idman növlərində ən azı 4 idmançı olduqda, komanda idman növlərində isə 4 komanda olduqda həyata keçirilə bilər.

Ayrılmış vəsaitlərin məqsədli və effektiv istifadəsini təmin etmək üçün hər keçirilən idman tədbiri üzrə tədbiri keçirən təşkilat tərəfindən maddi məsul şəxs təyin olunmalıdır. Bu şəxs isə öz növbəsində, tədbir başa çatdıqdan sonra, 3 gün müddətində tədbiri keçirən təşkilatın mühasibatlığına tədbirin maliyyə hesabatlarını təqdim etməlidir. Maliyyə hesabatına idman tədbirinin baş hakiminin tədbirin nəticələri haqqında yazılı hesabatı da əlavə olunmalıdır.