19:15 13-01-2010
news_image
4155
STOLÜSTÜ OYUNLAR

Rusiya çempion, Azərbaycan dördüncü oldu - YENİLƏNİB

Bu gün Türkiyənin Bursa şəhərində şahmat üzrə komandalararası dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, axırıncı tur ərəfəsində Azərbaycan yığmasının qızıl medallara yiyələnmək imkanı var idi.

VIII turdan sonra 11 xalla 3-cü pillədə qərarlaşmışdıq. Bugünkü rəqib isə komandamızdan 1 xal çox toplamaqla, 2-ci sırada yer almış ABŞ idi. Şahmatçılarımız amerikalılara qalib gəlməli, eyni zamanda vahid lider Rusiyanın İsrailə uduzmasına ümid etməli idilər. Lakin amerikalılarla görüşdə heç-heçə ilə barışdıq.

Maraqlıdır ki, yığmamızın kapitanı Zurab Azmayparaşvili ABŞ-la oyuna qeyri-adi heyəti buraxıb. Belə ki, bu prinsipial görüşdə birinci taxta heç kimin gözləmədiyi halda, Qədir Hüseynova tapşırılıb. Halbuki Qədir çempionatda ən zəif təsir bağışlayan şahmatçımızdır. O, keçirdiyi 3 partiyadan cəmi 1 xal toplayıb. Məğlubiyyət acısı dadmayan Teymur Rəcəbov, eləcə də komandamızda ən yüksək reytinqə malik Vüqar Həşimov bu dəfə qeyri-müəyyən səbəbdən ehtiyatda qalıb. Əvəzində, Nicat Məmmədov dördüncü taxtada mübarizə aparır. Xatırladaq ki, Azmayparaşvilinin bundan əvvəlki eksperimenti uğursuz olmuşdu. Gözlənilməz dəyişikliklər nəticəsində yığmamız III turda Hindistana uduzmuşdu - 1,5:2,5.

IX tur, 13 yanvar
ABŞ - Azərbaycan - 2:2


1. Hikaru Nakamura (2708) - Qədir Hüseynov (2614) - 0,5:0,5
2. Aleksandr Onişuk (2670) - Şəhriyar Məmmədyarov (2741) - 0,5:0,5
3. Yuri Şulman (2624) - Rauf Məmmədov (2640) - 0,5:0,5
4. Varujan Akobyan (2628) - Nicat Məmmədov (2610) - 0,5:0,5

Digər görüşlər:

İsrail - Rusiya - 1:3
Braziliya - Hindistan - 0,5:3,5
Misir - Ermənistan - 1:3
Yunanıstan - Türkiyə - 2,5:1,5

Digər oyunların nəticəsinə baxmayaraq Rusiya dünya çempionu adını qazanıb. ABŞ gümüş, Hindistan isə bürünc medala sahib çıxıb. Milli komandamız isə dördüncü yeri tutub.