17:40 27-01-2010
news_image
560
DİGƏR NÖVLƏR

Azərbaycan hökuməti idmançılara təqaüdlərin verilməsi meyarları və qaydalarını təsdiq edib

Azərbaycan Nazirlər Kabineti «İdmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi Meyarları və Qaydaları»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətin təsdiq etdiyi meyarlara əsasən, idman sahəsində təqaüdlər Olimpiya və Paralimpiya Oyunlarına vəsiqə qazanmış idmançılara, beynəlxalq yarışlara hazırlıq və onlarda iştirakı prosesində milli yığma komandanın üzvlərinə verilir. Olimpiya və Paralimpiya Oyunlarına vəsiqə qazanmış milli yığma komandaların hər bir üzvünə xüsusi dövlət təqaüdü veriləcək.

Beynəlxalq yarışlara hazırlıq və iştirakla bağlı təqaüdlər idman növləri üzrə respublika federasiyalarının təqdimatları əsasında Gənclər və İdman Nazirliyi tərəfindən hər il üçün təsdiq edilmiş milli yığma komandaların tərkibində çıxış edən idmançılara onların həmin komandada fəaliyyət göstərdikləri müddətdə veriləcək.

Qaydalara əsasən, milli yığma komandaların tərkibində çıxış edən idmançılara beynəlxalq yarışlara hazırlıq və iştirakla bağlı ödənişlər və xərclərə təlim-məşq toplanışlarında və beynəlxalq yarışlarda iştirak müddətində idmançıların qidalanması, vitamin və digər tibbi preparatlarla təmin edilməsi və bərpa prosesləri üçün xərclər, idmançıların sığortası, xüsusi idman avadanlıqları, ləvazimatları və geyimləri ilə təmin olunmaları üçün xərclər və ezamiyyə xərcləri daxildir.