13:22 09-02-2010
news_image
671
DİGƏR NÖVLƏR

Zemfira Meftahəddinova haqqında filmin təqdimatı

Bu gün Sidney Yay Olimpiya Oyunlarının qalibi, Azərbaycanın ən titullu stend atıcı Zemfira Meftahəddinova haqda çəkilmiş “Qızıl Sidney” filminin təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsində (MOK) təşkil olunmuş tədbirdə öncə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

MDB yığmasının tərkibində olimpiya çempionu titulu qazanmış Nazim Hüseynov haqqında ötən il film çəkildiyini xatırladan MOK rəsmisi vurğulayıb ki, həmin əsər uğurlu alındığı üçün yaradıcı heyətə yenidən müraciət ediblər. Yaradıcı heyətdən müstəqil Azərbaycanın ilk olimpiya çempionu Meftahəddinova barədə film çəkilməsi xahiş olunub. Stend atıcımız 2000-ci ildə Sidneydə sərbəst güləşçi Namiq Abdullayevdən bir neçə gün əvvəl qızıl medal qazanıb. Hüseynzadə bildirib ki, gələcəkdə digər olimpiya çempionları haqda da film çəkiləcək.

Daha sonra filmin nümayişi olub. Ardından Meftahəddinova söz alaraq, “Qızıl Sidney”dən razı qaldığını bildirib və təşəkkürünü çatdırıb.