18:15 11-02-2010
news_image
628
DİGƏR NÖVLƏR

Azərbaycan nümayəndə heyəti Qış Olimpiya Oyunlarına yollandı

Bu gün Azərbaycan nümayəndə heyəti 2010-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi Kanadanın Vankuver şəhərinə yola düşüb. Bu haqda Lent.az-a Milli Olimpiya Komitəsinin (MOK) üzvü, tanınmış jurnalist Elnur Əşrəfoğlu məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və mətbuat katibi Camaləddin Rəhmanov yer alıb. Nümayəndə heyətinin şef de-missionu Könül Nurullayeva təşkilati işlərlə əlaqədar Vankuverə bir neçə gün əvvəldən yollanıb. Olimpiadada ölkəmizi təmsil edəcək Sedrik Notz və Qaya Bassani Antivari, eləcə də onların məşqçiləri Silven Morikslə David Quanella Kanadaya İsveçrədən uçublar. Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov, Qış İdman növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev də nümayəndə heyətinin tərkibində yer alıb.

Azərbaycan nümayəndə heyəti Olimpiya Kəndində qalacaq. Ölkəmizin bayrağının qaldırılması mərasimi bu gün reallaşacaq. Sabah isə olimpiadanın açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, fevralın 28-dək davam edəcək Qış Olimpiya Oyunlarında 15 növ üzrə 86 dəst medal sahibini tapacaq. Ölkəmizi təmsil edəcək idmançılara gəldikdə, Sedrik Notz əslən isveçrəli, Qaya Bassani Antivari isə italiyalıdır. Onlar dağ xizəkçiliyi növündə böyük slalom və slalom yarışlarına qatılacaqlar. Notz kişilərin, Antivari isə qadınların yarışında qüvvəsini sınayacaq.