11:24 12-02-2010
news_image
613
DİGƏR NÖVLƏR

XXI Qış Olimpiya Oyunlarının sirri açıldı

Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarının təşkilatçıları yarışın məşəlinin kim tərəfindən yandırılacağını hələ də sirr kimi saxlamağa çalışır. Apasport.az saytının məlumatına görə, bu nüfuzlu vəzifənin kimin üzərinə qoyulacağı üzərində baş sındıran həmkarlarımız deyəsən axtardıqlarını tapıblar.

Şimali amerikalıların fikrincə, olimpiya məşəlini əfsanəvi Ueyn Qretski yandıracaq. Dünya hokkeyinin tarixinə adı qızıl hərflərlə yazılan veteran hazırda yarışların keçirildiyi Vankuverdədir. O, bu gecə keçiriləcək təntənəli açılış mərasimində məşəl yandırması ilə bağlı xəbəri təsdiqləməsə də, həmkarlarımız bunun inandırıcı olduğunu düşünür.

Qeyd edək ki, Qretski Milli Hokkey Liqasının tarixində az qala mümkün olan bütün rekordların sahibidir. O, keçirdiyi 1487 oyunda vurduğu qolların (894), məhsuldar ötürmələrin (1963), həmçinin topladığı xalların (2857) sayında heç kimin yaxınlaşa bilmədiyi nəticələrə imza atıb.