14:14 12-02-2010
news_image
761
DİGƏR NÖVLƏR

Olimpiya kəndində Azərbaycan bayrağı qaldırıldı

Kanadanın Vankuver şəhərindəki olimpiya kəndində Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib. Bu haqda Lent.az-a hazırda Vankuverdə olan Milli Olimpiya Komitəsinin üzvü, “Neftçi” futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.

Onun sözlərinə görə, mərasimdə Azərbaycan nümayəndə heyəti, o cümlədən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, mətbuat katibi Camaləddin Rəhmanov və Kanadada yaşayan 20-dək həmyerlimiz iştirak edib. Onlar tədbirə üçrəngli bayraqlarımızla qatılıblar.

Əvvəlcə 2010-cu il Qış Olimpiya Oyunlarının təşkilat komitəsi tərəfindən ölkəmizin şef de-missionu Könül Nurullayevaya hədiyyələr təqdim olunub. Sonra olimpiya kəndində bayrağımız qaldırılıb.

Olimpiadada ölkəmizi təmsil edəcək idmançılar Sedrik Nots və Qaya Bassani Antivari də artıq Vankuverdədirlər. Yığmamızın üzvləri “Kappa” firmasının geyimləri ilə təchiz olunublar.