15:15 12-02-2010
news_image
1279
DİGƏR NÖVLƏR

İndi də ölkəmizə Belçika və İtaliyadan legioner gətirilir

Azərbaycana Belçika və İtaliyadan çaparlar gətirilir. Apasport.az saytının məlumatına görə, bu haqda Azərbaycan Atçılıq İdmanı Federasiyasının icraçı direktoru Bəhruz Nəbiyev məlumat verib.

O bildirib ki, artıq belçikalı Patrik Makentinin sənədləri düzəlmək üzrədir: “Makenti bir neçə ay öncə Azərbaycan vətəndaşı statusunu alıb. Yaxın 2-3 gündə isə sənədləşdirmə ilə bağlı bütün məsələlər həllini tapacaq və o, federasiyamızın çaparına çevriləcək. Patrikin üçrəngli bayrağımız altında ilk turnirə gələn həftə İspaniyada qatılacağı gözlənilir”.

Eyni zamanda, Atçılıq İdmanı Federasiyasının rəsmiləri İtaliyadan da bir çaparı “milliləşdirirlər”. “Hazırda bununla bağlı sənədləşdirmə işləri aparılır. Bir neçə gündən sonra italiyalı idmançı barədə daha geniş danışa biləcəyəm” - deyə Nəbiyev vurğulayıb.

Qeyd edək ki, ölkəmizin ən güclü çaparı Camal Rəhimov sayılır. Gənc idmançı 2008-ci ildə Pekin Olimpiadasında iştirak etməyə imkan tapsa da, uğursuzluğa düçar olmuşdu.

Mənbə: extratime.az