18:11 15-02-2010
news_image
870
DİGƏR NÖVLƏR

“Oğlumun ölüm kadrlarına baxa bilmirəm”

Kanadada faciəvi şəkildə dünyasını dəyişən 21 yaşlı gürcü kirşəsürən Nodar Kumaritaşvilinin ailəsi və bütün Gürcüstan baş verən hadisədən şoka düşüb. Lent.az-ın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, Kumaritaşvilinin ailəsinin yaşadığı Bakuriani dağ xizəkçiliyi mərkəzinə gələrək, Nodarın ölümü ilə əlaqədar başsağlığı verənlərin ardı-arası kəsilmir.

Məşq vaxtı ölən idmançının atası, ötənlərin məşhur kirşəsürəni David Kumaritaşvili faciə barədə deyilənlərdən başqa heç nə bilmədiyini söyləyib: “Oğlumun son dəqiqələrinin əks olunduğu o kadrlara baxa bilmirəm və heç baxmaq istəmirəm. Yəqin ki, ömrümün sonunadək də baxmayacağam”.

2010-cu il Yay Olimpiya Oyunlarının keçirildiyi Kanadanın Vankuver şəhərində olan Gürcüstanın mədəniyyət və idman naziri Nika Rurua Nodar Kumaritaşvilinin doğulub boya-başa çatdığı Bakurianidə dəfn olunacağını açıqlayıb. Onun meyiti fevralın 17-də Gürcüstana gətiriləcək. İdmançının dəfn olunacağı ərazidə xatirə lövhəsi ucaldılacaq, hər il onun xatirəsinə kirşəsürənlər arasında turnir keçiriləcək.

Nodarın əmisi, kirşəsürən Feliks Kumaritaşvili 1970 – 1980-ci illərdə dəfələrlə Gürcüstan çempionu, müxtəlif ümumittifaq və beynəlxalq turnirlərin qalibi olub. O, 2001-ci ildən Gürcüstan yığmasının baş məşqçisidir. Hazırda Vankuverdə olan Feliks Kumaritaşvili Nodarın dünyasını dəyişdiyi son məşqinin canlı şahidi olub.