11:57 18-02-2010
news_image
969
STOLÜSTÜ OYUNLAR

FİDE prezidenti: Azərbaycandan nümunə götürün!

“Mən bir sıra ölkələrin prezidentləri, hökumət məmurları, müxtəlif regionların rəhbərləri, potensial sponsorlarla görüşlərimdə həmişə təkcə FİDE-nin bu və ya digər tədbirlərinin keçirilməsini yox, şahmatın məktəb proqramına daxil edilməsi, hökumət strukturlarının əlindən gələn köməyi etməsi məsələsini də müzakirəyə çıxarmışam. Artıq nəticələr var. Azərbaycanda 2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı dövlət proqramı haqda sərəncam imzalanıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov deyib.

Artıq 15 ildir bu quruma rəhbərlik edən İlyumjinov Azərbaycanda şahmatın inkişafı ilə bağlı dövlət proqramını xüsusi vurğulayıb. Onun fikrincə, sözügedən layihə bütün regionlarımızda şahmatın inkişafına təkan verəcək: “İndi Azərbaycanın hər bir rayonunda şahmat klubu yaradılacaq, FİDE ilə əməkdaşlığa da xüsusi diqqət yetiriləcək. Bu sənəd FİDE-nın saytında yerləşdirilib. Onu öyrənib, yaxşı nümunə kimi istifadə etmək olar. Belə praktika nə qədər geniş yayılsa, şahmat bir o qədər sürətlə inkişaf edəcək”.

Qeyd edək ki, bu ilin sentyabrında FİDE-nin 81-ci konqresində quruma prezidenti seçkiləri olacaq.