22:02 22-02-2010
news_image
674
DİGƏR NÖVLƏR

Bukmeyker kontorlarının yoxlanmasına start verildi

Gənclər və İdman Nazirliyi nəzdində yaradılan “Azəridmanservis” Dövlət Müəssisəsi mart ayından aktiv fəaliyyətə başlayacaq. Bu barədə Lent.az-a mötəbər mənbələrdən məlumat verilib.

Mənbənin sözlərinə görə, qurumun ilk işi idman lotereyası, idman mərc oyunları təşkil etmək istəyənlərin və ya indiyədək bu işi qeyri-leqal həyata keçirənlərin lisenziya üçün müraciətlərinə baxmaqdan ibarət olacaq. Daha çox bukmeyker kontoru kimi tanınan belə qurumların rəhbərləri ilə görüşlər keçiriləcək və həmin qurumların fəaliyyət imkanları öyrəniləcək. Məhz bundan sonra onlara lisenziyanın verilib-verilməməsinə dair qərar qəbul ediləcək.

Qeyd edək ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 54-cü maddəsinə əsasən, bədən tərbiyəsi və idman dövlət büdcəsindən ayrılan, bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsindən əldə olunan, idman lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər, fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir. “Azəridmanservis” Dövlət Müəssisəsinə Azər Məhərrəmov rəhbərlik edir.