15:58 23-02-2010
news_image
626
DİGƏR NÖVLƏR

Bu gün Azərbaycan idmançısı Qış Olimpiadasında debüt edəcək

Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında Azərbaycan idmançısının debütü bu gün gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, dağ xizəyi idmanında ölkəmizi təmsil edən Sedrik Notz nəhəng slalom yarışlarında qüvvəsini sınayacaq. İsveçrədə anadan olmuş 36 yaşlı idmançının qatılacağı yarış Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

102 iştirakçı sırasında yer alan təmsilçimiz start xəttinə 91-ci çıxacaq. Bu isə onun təxminən 23:30-00:30 aralığında mübarizəyə başlaması deməkdir. Notzdan əvvəl məsafəni Çernoqoriya, Çin və Albaniya xizəkçiləri qət edəcəklər. Mükafatlara iddialı idmançılar isə birinci mübarizəyə qoşulan qrupda yer alıb.

Notz finiş xəttini keçə bilsə, ikinci mərhələyə buraxılacaq. Bakı vaxtı ilə gecə saat 1-də başlanacaq ikinci yürüşdən sonra iştirakçıların yekun nəticələri müəyyənləşəcək. Belə ki, xizəkçilər məsafəni iki dəfə qət etdikdən sonra nəticələr cəmlənəcək və ümumi vaxta əsasən, qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, Notz fevralın 27-də slalom yarışlarında da bacarığını nümayiş etdirəcək.