10:25 24-02-2010
news_image
564
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı Olimpiadada 72-ci oldu

Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında azərbaycanlı idmançının ilk çıxışı uğursuz olub. Apasport.az saytının məlumatına görə, əslən isveçrəli olan Cedrik Nots dağ xizəyi idmanının nəhəng slalom yarışlarını 72-ci pillədə başa vurub. 36 yaşlı idmançı 102 nəfərin qatıldığı birinci cəhddə məsafəni 1 dəqiqə 30,78 saniyəyə qət edib. Liderdən 13,51 saniyə geri qalan Cedrik finiş xəttinə çatan 89 xizəkçi arasında 79-cu olub.

İkinci yürüş zamanı təmsilçimiz ümumi nəticəsini yaxşılaşdıra bilib. Sonda 3 dəqiqə 5,98 saniyə nəticə göstərən Nots yarışı bitirməyə nail olan 81 idmançı arasında 72-ci olub. O, 9 nəfəri - Seneqal, Mərakeş, Çin, Qırğızıstan, Özbəkistan, Meksika, Pakistan, San-Marino və Hindistan təmsilçisini qabaqlayıb. Nots qalibdən 28,15 saniyə geri qalıb. Bu növdə qızıl medalları təmsilçimizin həmvətəni Karlo Yanka tutub. O, məsafəni iki dəfə qət etməyə 2 dəqiqə 37:83 saniyə vaxt sərf edib.

Qeyd edək ki, fevralın 27-də slalom yarışlarında da qüvvəsini sınayacaq.