10:53 24-02-2010
news_image
546
DİGƏR NÖVLƏR

Vankuverdə ikinci Azərbaycan təmsilçisi mübarizəyə qoşulur

Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında Azərbaycanın ikinci təmsilçisi bu gün mübarizəyə qoşulacaq.

Apasport.az saytının məlumatına görə, dağ xizəyi idmanında çıxış edən Qaya Bassani Antivari qadınların nəhəng slalom yarışlarında qüvvəsini sınayacaq. 32 yaşlı xanım idmançının elə Vankuverdə zədələndiyi üçün Olimpiadada iştirak etməyəcəyi gözlənilsə də, onun adı yarışın start protokoluna daxil edilib. Təmsilçimiz 86 idmançının mübarizəyə qoşulacağı nəhəng slalomda 77-ci çıxış edəcək. Bu növdə yarışların birinci yürüşü Bakı vaxtı ilə axşam saat 22:00-da başlayacaq. Finiş xəttinə çatmağa müvəffəq olan xizəkçilər saat 01:15-də başlayacaq ikinci yürüşə də qatılacaq.

Qeyd edək ki, Qaya ötən il Fransanın məşhur Val d’izer şəhərində keçirilən son dünya çempionatında nəhəng slalom üzrə 51-ci yeri tutub.