10:33 25-02-2010
news_image
872
DİGƏR NÖVLƏR

İdmançımız Vankuverdə “üçüncü” oldu - FOTO

Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında qadın dağ xizəkçilərinin nəhəng slalom yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Qaya Bassani Antivarinin də mübarizəyə qoşulduğu yarışda birinci yürüş keçirilib.

Start xəttinə çıxan 86 idmançıdan yalnız 68-i finişə çata bilib. İtaliyada anadan olan təmsilçimiz məsafəni 1 dəqiqə 30,82 saniyəyə qət edib. 32 yaşlı xanım liderdən 15,70 saniyə geri qalaraq 66-cı olub. Qaya özbəkistanlı Kseniya Qriqoryeva və iranlı Marian Kalhoru qabaqlayıb. Təmsilçimizin sonuncudan üçüncü olduğu yürüşdə Elizabet Georql qalib gəlib. Avstriyalı xanım 1 dəqiqə 15,12 saniyə nəticə göstərib. Lakin bu, hələ yekun nəticə deyil.

Bu gün Bakı vaxtı ilə saat 21:30-da 68 idmançı yenidən start xəttinə çıxacaq. Təmsilçimiz yarışa 66-cı qoşulacaq. Əslində xizəkçilər bir günün içində qalibi müəyyənləşdirməli idi. Lakin dünən saat 22:00-da başlamalı olan ilk yürüş nəzərdə tutulduğundan, 1 saat 46 dəqiqə gec başlayıb. Bu səbəbdən saat 01:15-ə planlaşdırılan ikinci yürüş bu günə təxirə salınıb.