17:00 26-02-2010
news_image
1514
DİGƏR NÖVLƏR

Xanımların qalmaqallı kef məclisi – FOTOSESSİYA

Kanadanın qadın hokkeyçilərinin hərəkətləri Beynəlxalq Olimpiya Komitəsi (BOK) rəhbərliyinin ciddi narazılığı ilə qarşılanıb. Apasport.az saytının məlumatına görə, kanadalı xanımlar Vankuver Qış Olimpiya Oyunlarının finalında ABŞ-ı 2:0 məğlub edərək, qızıl medallara sahib çıxıblar. Onların bu qələbəni qeyd etməsi isə böyük narazılığa səbəb olub.

Mükafatlandırma mərasimindən və azarkeşlərin tribunanın tərk etməsindən sonra kanadalı hokkeyçilər buz meydançasına qayıdıblar. Onlar idman geyimlərini çıxararaq, kef məclisinə başlayıblar. Olimpiya çempionları elə buzun üstündəcə pivə, şampan içiblər, siqaret çəkiblər. Hətta Kanada yığmasının bir neçə üzvü fotoqraflarla və xidmətçilərlə də zarafatlaşıb.

Bütün bunlar isə BOK-un narazılığına səbəb olub. Komitənin icraçı-direktoru Jilbert Felli bildirib ki, olimpiadanın obyektlərindən birində alkoqollu içkilərin istifadəsi yolverilməzdir və bu, idmanın imicinə zərbə vurur.

Hər halda, kanadalı hokkeyçilər hadisədən bir neçə saat sonra hərəkətlərinə görə üzr istəyiblər. “Belə sevincli anlarda qələbənin doğurduğu hisslər soyunub-geyinmə otağına sığmır. Komanda təəssüf edir ki, onların hərəkəti BOK və ya Beynəlxalq Hokkey Federasiyasının araşdırmalarına səbəb ola bilər” - deyə bəyanatda vurğulanır.