16:18 28-02-2010
news_image
584
DİGƏR NÖVLƏR

Azərbaycan üçün qış olimpiadası qurtardı

Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycan idmançıları çıxışlarını başa vurublar. Lent.az-ın məlumatına görə, ölkəmizi təmsil edən 2 dağ xizəkçisindən son olaraq, slalom növündə yarışan Sedrik Nots qüvvəsini sınayıb.

Kişi slalomçuların mübarizəsinə qatılan Nots yürüşün əvvəlindəcə müvazinətini itirərək, çıxışını dayandırıb. Beləliklə, 36 yaşlı əslən isveçrəli dağ xizəkçimiz finişə çata bilməyib. Ümumiyyətlə, ilkin mərhələdə yarışan 102 idmançıdan cəmi 54-ü finişə çata bilib.

Bundan öncə qadın dağ xizəkçimiz Qaya Bassani Antivari də slalom yürüşündə eyni səbəbdən, ikinci mərhələyə yüksələ bilməyib.

Əvəzində həm kişi, həm də qadın dağ xizəkçimiz nəhəng slalom yürüşündə ilkin mərhələni adlamağı bacarıb. Nəticədə Qaya Bassani Antivari 57-ci, Sedrik Nots isə 72-ci yeri tutub.