16:00 12-03-2010
news_image
2824
STOLÜSTÜ OYUNLAR

Firuzə Vəlixanlı: Bu, Azərbaycan kişiləri üçün nadir hadisədir

“Mən şahmata çox minnətdaram. O, mənim xarakterimi formalaşdırıb, məğlubiyyətləri düzgün dəyərləndirməyi öyrədib. Şahmatın sayəsində dünyanın əksər ölkələrində olmuşam: Braziliya, Çili, Hindistan, İran, Filippin, eləcə də bütün Avropada. Ən əsası özümə çoxlu dost qazanmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmat yığmasının sabiq üzvü Firuzə Vəlixanlı deyib.

Yaşadığı ABŞ-ın Nyu-York şəhərində yerli yazarlardan birinə müsahibə verən Vəlixanlı karyerasından, ailə həyatından və milli komandamızdan danışıb: “Kumirim Tal, Fişer və Harri Kasparov olub. Ümumiyyətlə, şahmatı ən obyektiv idman növü sayıram. Çünki digər idman növlərindən fərqli, burada hakim heç nəyi həll etmir. SSRİ dövründə qrossmeyster olmaq çox çətin idi. İndi bu rütbə bir az qiymətdən düşüb”.

Firuzə deyib ki, milli komandamız böyük potensiala malikdir: “Hazırda Azərbaycan kişi yığması dünyada liderlərdən biridir. Avropa çempionu titulu qazanıb. Qadınlardan ibarət komandamız isə reytinqin aşağı olmasına baxmayaraq, 4-cü yeri tutdu. Bu, yığmanın potensialından xəbər verir. Əgər şərait yaratsalar, yaxşı məşqçi dəvət etsələr, onlar kişilərin uğurlarını təkrarlaya biləcəklər”.

Vəlixanlı ailəsindən də söz açıb. O, son vaxtlar şahmatla maraqlanmağa vaxtının olmadığını bildirib: “Mənim həyat yoldaşım Tofiq Musayev hüquqşünasdır. O da cavanlığında şahmatla maraqlanırdı. Biz İsveçdə tanış olmuşuq. Həyat yoldaşım heç vaxt şahmat oynamağıma, səfərlərə yollanmağıma maneçilik törətməyib. Bu, Azərbaycan kişiləri üçün nadir hadisədir. Üç övladımız var: 16 yaşlı Ənvər, 11 yaşlı Fuad və 2 yaş yarımlıq Kamilla. Oğlanların heç birinin şahmata marağı yoxdur, onları məcbur etmək istəmirik. Ümid Kamillaya qalıb. Təəssüf ki, ev qayğıları, uşaqların tərbiyəsi şahmata vaxt ayırmağıma imkan vermir”.

Mənbə: extratime.az