12:01 30-03-2010
news_image
508
DİGƏR NÖVLƏR

Ermənistan idmançıları Bakıya gəlməkdən boyun qaçırdılar

Bu il 2-10 aprel aralığında Bakıda keçiriləcək yeniyetmə və gənclərin arasında dünya çempionatında Ermənistan idmançıları iştirak etməyəcəklər. Apasport.az saytının məlumatına görə, bu haqda Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov məlumat verib. Bədnam qonşularımızın yarışdan imtinasının səbəbi də var.

“Ermənistan komandası martın 19-dək davam etmiş qeydiyyat prosesindən keçməyib. Buna görə də ermənistanlı qılıncoynadanlar çempionata qatıla bilməzlər. Yəni, burada təşkilatçılıqla bağlı problem yoxdur. Çünki biz namizədliyimizi irəli sürəndə, bütün ölkələr qarşısında eyni öhdəlik götürmüşük” - deyə Məmmədov vurğulayıb.

AQF rəsmisi fürsətdən yararlanaraq, paytaxt sakinlərini dünya çempionatının açılış mərasiminə çağırıb: “Yarış hər üç növdə - şpaqa, sablya, rapira, eləcə də komandalar arasında olacaq. Ümumilikdə, 24 dəst medal öz sahibini tapacaq. Ölkəmiz dünya çempionatının komanda yarışlarının hər 3 növündə təmsil olunacaq. Hər bir fərdi növdə isə 2 qılıncoynadanımız mübarizə aparacaq. Bu yarışda idmançılarımızın ilk “8-liy”ə düşməsi böyük uğur sayılacaq. Qılıncoynatma elitar idman növü sayılır. Fürsətdən yararlanıb, Bakı sakinlərini, qılıncoynatma həvəskarlarını aprelin 2-də saat 18:00-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində başlanacaq açılış mərasiminə dəvət edirəm. Açılış mərasimi üçün estetik zövq oxşayan proqram hazırlanılıb və inanıram ki, izləyənlər bunu bəyənəcəklər”.