12:32 01-04-2010
news_image
1381
DİGƏR NÖVLƏR

“Azərbaycanda klub almaq? Düşünməyə dəyər...”

“Azərbaycan tərəfi ermənilərə təhlükəsizliklə bağlı bütün təminatı verməklə, bu yöndə addım atdı. Bu, məni çox sevindirir”. Apasport.az saytının məlumatına görə, bunu ölkəmizə səfər edən Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov jurnalistlərlə görüşündə deyib.

Ermənistan yığmasının sabah Bakıda startı veriləcək dünya çempionatına gəlməkdən imtinasını dəstəkləməyən Usmanov bu idman növünün ölkəmizdə inkişaf perspektivinə də toxunub: “Əminəm ki, Azərbaycan qılıncoynatmada ənənələrini qaytaracaq. Yeniyetmə və gənclər arasında dünya çempionatı buna güclü təkan verəcək. Sizin dünya və Avropa çempionlarınız, Dünya kubokunun qalibləri, Olimpiya mükafatçılarınız olub. Ənənələri qaytarmağın vaxtı çatıb. Azərbaycanda idman ölkə prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində böyük templə inkişaf edir. Bakının gələcəkdə böyük turnirlər qəbul edəcəyinə əminəm”.

Rusiyalı milyarder Bakını biznes baxımından sərfəli şəhər sayır. Gələcəkdə paytaxtımızda biznes quracağını istisna etməyən Usmanov futbola bağlı olması ilə də tanınır. Londonun “Arsenal” klubunun səhmdarlarından olan rusiyalı bildirib ki, futbol onun üçün ən sevimli idman növlərinin biridir. “Arsenal”ın oyunlarını hərdən izləyən Usmanov Azərbaycan futbolu haqda az məlumata malik olduğunu deyib: “Anatoli Banişevski və 60-cı illərdəki “Neftçi”yə böyük simpatiyam var idi. Azərbaycanın hansısa klubunu almağı haqda hələ söhbət getmir. Ancaq gələcəkdə hər şey ola bilər. Bu haqda düşünməyə dəyər. Sadəcə, onu başa düşmək lazımdır ki, futbol bir saatda inkişaf etmir. Bunun üçün metodik, məqsədyönlü iş lazımdır”.