14:59 01-04-2010
news_image
2149
DİGƏR NÖVLƏR

“Atasport”un Çempionlar Kubokunda rəqibləri bəlli oldu

Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət “Atasport” klubunun Çempionlar Kubokunda rəqibləri müəyyənləşib. Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, Almaniyanın paytaxtı Berlində keçiriləcək məsul turnirin reqlamentində edilən dəyişiklik nəticəsində iştirakçıların sayı 8-dən 12-dək yüksəlib.

Belə olan halda, komandalar 4 qrupa bölünüb. D qrupuna düşən “Atasport” sabah ilk oyununu Hollandiyanın “Hertogenboş”, ertəsi gün İngiltərənin “Bovdon Hayesun” komandası ilə görüşəcək. Ardıcıl görüşlərdən sonra istirahət edəcək komandamız aprelin 5-də də meydana çıxacaq. Həmin gün rəqib qrupdakı yerimizdən asılı olacaq. “Atasport” ilk iki yeri tutacağı halda, gələn ay Hollandiyada keçiriləcək “Dördlər final”ına düşmək şansını saxlayacaq. Bunun üçün qrupdan sonrakı pley-off oyununda qalib gəlmək lazımdır. “Atasport” qrupda sonuncu olacağı halda isə C qrupunun axırıncısı ilə məsul turnirdə qalmaq uğrunda mübarizə aparacaq.