15:09 01-04-2010
news_image
1027
DİGƏR NÖVLƏR

Əlişir Usmanov Bakıda keçirilən FİE-nin Baş Assambleyasında - FOTO

Ermənistanın əvəzinə Çexiya səs verəcək

Bu gün “Park İnn” otelində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Baş Assambleyası öz işinə başlayıb. Lent.az-ın məlumatına görə, iclasa FİE-nin prezidenti, tanınmış rusiyalı milyarder Əlişir Usmanov sədrlik edir.

Usmanov əvvəlcə qısa nitq söyləyib. O, çıxışında 2009-cu ildə FİE-nin gördüyü tədbirlərdən danışıb. Ali qılıncoynatma qurumunun rəhbəri ötən il ayrı-ayrı qitələrdən olan assosiasiyalara qılıncoynatmanın inkişafı məqsədilə 1 milyon avro vəsaitin ayrıldığını bildirib.

Sonra assambleyada iştirak edən bütün ölkələrin tərkibi yoxlanılıb. Ermənistan nümayəndə heyəti iclasda iştirak etmədiyindən, bu ölkə adından səsvermə hüququ Çexiyaya verilib. Bundan sonra toplantı jurnalistlər üçün qapalı davam etdirilib.

Baş Assambleyanın gündəliyinə FİE İcraiyyə Komitəsinin hesabatı, 2008-2009-cu il üçün maliyyə hesabatı, 2009-2010 və 2010-2011-ci ilin büdcələrinin müzakirəsi və təsdiqi, 2011 və 2012-ci illərdə keçiriləcək yeniyetmə və gənclər arasında, 2011 və 2012-ci illərdə təşkil olunacaq veteranlar arasında, 2012-ci ildə baş tutacaq komandalar arasında dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin müəyyənləşdirilməsi, 2012-ci il London Yay Olimpiya Oyunlarına seçim qaydaları, 2010-2011-ci illər üçün təqvim planının təsdiqi və digər məsələlər daxildir.