16:08 01-04-2010
news_image
1055
DİGƏR NÖVLƏR

“Çox təəssüf ki, ermənilər Bakıya gəlmədilər” - MÜSAHİBƏ

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda keçiriləcək yeniyetmələr və gənclər arasında dünya çempionatı ilə əlaqədar jurnalistlərə müsahibə verib. İbrahimov Lent.az-ın suallarını da cavablandırıb:

- Bakıda keçiriləcək dünya çempionatının təşkilati işləri hansı səviyyədədir?
- Son illər Azərbaycanda həyatın bütün sahələrində inkişaf var. Ölkəmizin iqtisadiyyatı inkişaf sürətinə görə dünyada birinci yerdədir. Nəinki iqtisadiyyat, bütün sahələrdə Azərbaycan dünyada öncül ölkələrdən birinə çevrilib. İdmana prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı sayəsində həqiqətən də ölkəmiz dünyanın idman mərkəzinə çevrilməyə başlayıb. Son illər Azərbaycanda çox yüksək səviyyəli beynəlxalq turnirlər, Avropa və dünya çempionatları keçirilir. Bu baxımdan, Bakıda start götürəcək qılıncoynatma üzrə yeniyetmələr və gənclər arasında dünya çempionatı böyük hadisələrdən biridir. Belə mötəbər yarışda dünyanın 87 ölkəsinin 1500-dən çox idmançısı iştirak edəcək. Eyni zamanda, Beynəlxalq Qılıncoynatma Federasiyasının Baş Assambleyasının Bakıda keçirilməsi, dünyanın 100-dən artıq ölkənin federasiya prezidentlərinin paytaxtımıza gəlişi bir daha sübut edir ki, Azərbaycanda idmana olan diqqət sayəsində həqiqətən də yaxın gələcəkdə Bakı şəhəri dünyanın neft mərkəzindən başqa, idman mərkəzinə də çevriləcək. Elə Baş Assambleyada və digər tədbirlərdə iştirak edən bütün qonaqlar da ölkəmizin bu qədər sürətlə inkişafını öz gözləri ilə görüb, Bakıya heyran qaldıqlarını bildirirlər. Bu da Azərbaycanın, onun inkişaf istiqamətlərinin təbliği üçün çox önəmlidir. Dünyanın bəzi ölkələrində bəzən Azərbaycan haqda bir çox əsassız yazılar yazılır. Zamanında Bakını dünyanın ən çirkli şəhərləri arasına salan bəzi yazılar da dərc olunmuşdu. İndi isə hər kəs görüb, söyləyir ki, həqiqətən də Bakı dünyanın ən gözəl şəhərləri sırasına aiddir. Bunu ona görə söyləyirəm ki, idman və digər sahələrdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın təbliği üçün çox önəmli vasitədir. Hətta minlərlə insan Azərbaycanı öz gözləri ilə görərək, öz ölkələrinə qayıdarkən, gördüklərini tanıdıqları ictimaiyyətə, tanıdıqları ətrafa söyləyəcəklər. Bura gələn qılıncoynadanlar öz ölkələrinin yığma komandalarının üzvləridirsə, bu, o deməkdir ki, onlar yaşadıqları ölkələrdə tanınmış insanlardırlar, böyük auditoriyalarda çıxış edirlər. Onlar öz ölkələrinə getdikdən sonra Azərbaycan, Bakı, burada gördükləri haqda danışacaqlar. Hesab edirəm ki, dünya çempionatının ən önəmli məqamlarından biri də budur.

- Dünya çempionatında Ermənistan yığması iştirak edir?
- Çox təəssüf ki, Ermənistan qılıncoynadanları yarışa gəlməkdən imtina ediblər. Təhlükəsizlik baxımından heç bir problemimiz yoxdur. Çünki 2007-ci ildə keçirilmiş dünya çempionatına Ermənistan güləşçilərinin gəlişinə heç bir məhdudiyyət qoyulmayıb. Əlbəttə, onlara bütün təhlükəsizlik təminatı verilmişdi. Amma imtina edərək, gəlməməkləri onların özlərindən irəli gəlir.

- Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov İngiltərənin “Arsenal” futbol klubunun əsas səhmdarlarındandır. Onun Azərbaycanda da futbol sahəsinə sərmayə qoymaq fikri var?
- Belə bir söhbət yoxdur. O, Bakıya Beynəlxalq Qılıncoynatma Federasiyasının rəhbəri kimi gəlib. Azərbaycanı çox sevən insandır. Özü də bizim türk qardaşlarımızdandır. Yəni, özbək əsilli türk qardaşımızdır. Bakıya bir neçə gündür ki, gəlib. Paytaxtımızın nə qədər gözəl olduğunu, Bakıya heyran qaldığını bildirir. Hesab edirəm ki, bu yarışın Azərbaycana salınmasında, dünya çempionatının və Baş Assambleyanın Bakıda keçirilməsində cənab Usmanovun özünün də çox böyük rolu var. Onun Azərbaycana sərmayə qoymasının nə dərəcədə mümkünlüyünə gəldikdə, biz belə məsələləri müzakirə etməmişik. Çünki əsas işimiz idmanın inkişafına nail olmaq və bu sahədə müzakirə aparmaqdır.

- Gələcəkdə ölkəmizdə qılıncoynatma üzrə daha hansı yarışların təşkili mümkündür?
- Bakı şəhəri 2012-ci ildə qılıncoynatma üzrə böyüklər arasında Avropa çempionatını keçirməyə namizəddir. Yəqin ki, biz bu yarışı paytaxtımızda təşkil edəcəyik. Beynəlxalq Qılıncoynatma Federasiyasının məsul əməkdaşlarının burada gördükləri və çıxışlarına əsasən, bizdə əminlik yaranıb ki, onlar yaxın illərdə böyüklər arasında dünya çempionatının da paytaxtımızda təşkilində maraqlı olacaqlar. Əlbəttə, böyük bir çempionatın təşkili Azərbaycanda qılıncoynatmanın inkişafına yardım edəcək və daha çox insan qılıncoynatma bölmələrinə öz uşaqlarını yazdıracaqlar. Bu da gələcəkdə Azərbaycanın da qılıncoynatma üzrə müvəffəqiyyətlərini təmin edəcək.

- Azərbaycan qılıncoynadanlarından dünya çempionatında hansı nəticələr gözləyirsiniz?
- İdmançıdan hər zaman ən yüksək nəticəni gözləmək lazımdır. Əlbəttə, nəyə nail olacaqlarsa, bu, onların özlərindən asılıdır. Azərbaycanda qılıncoynatmanın çox böyük ənənəsi olub. Olimpiya, dünya çempionlarımız olub. Bir ara bu iş bir qədər başlı-başına buraxılıb. Amma indi çalışırıq ki, o səhvləri düzəldək, Azərbaycanın qılıncoynatma ənənələrini özünə qaytaraq, mötəbər yarışlarda yüksək yerlər tutaq.

- Bu gün bir neçə dünya çempionatını təşkilatçıları məlum olacaq. Namizədlər arasında ölkəmizin də adı var?
- Xeyr. Yəqin ki, gələcəkdə Beynəlxalq Qılıncoynatma Federasiyasının Baş Assambleyası və digər tədbirlərində Bakıda daha mötəbər turnirlərin təşkili haqda qərar qəbul olunacaq. Çünki təşkilati işlər onu göstərir ki, Azərbaycanda olan texniki imkanlar və yarış zalları ən yüksək səviyyədədir. Yeniyetmələr və gənclər arasında dünya çempionatının keçiriləcəyi Heydər Əliyev adına İdman Konsert Kompleksindən dünyanın heç bir yerində yoxdur. Bu tipli yarışların təşkili üçün bu kompleks ideal məkandır. Hətta digər mötəbər yarışlarda iştirak edənlər deyirlər ki, belə bir idman qurğusu qılıncoynatma tarixində heç bir yerində olmayıb, digər ölkələrdəki texniki imkanlar aşağı səviyyədə olub.