16:30 02-04-2010
news_image
687
DİGƏR NÖVLƏR

Sinqapur Olimpiadası İTV-də!

Bu ilin avqustunda yeniyetmə idmançılar arasında Sinqapurda keçiriləcək Olimpiya Oyunları Azərbaycanın İctimai Televiziyası (İTV) vasitəsilə canlı yayımlayacaq. Bu haqda apasport.az saytına İTV-nin İnformasiya və Analitik Proqramlar Departamentinin əməkdaşı Tural Dadaşov məlumat verib.

Dadaşov bildirib ki, artıq yayım məsələsi tam rəsmiləşib: “Fevralda Vankuverdəki Qış Olimpiadasından sonra Sinqapur Olimpiya Oyunlarının yayım hüququna sahib çıxmaq üçün danışıqlar aparırdıq. Danışıqlar müsbət nəticələndi. Artıq rəsmən açıqlayırıq ki, Sinqapurdakı Olimpiadanın eksklüziv yayım hüququ bizim telekanala məxsusdur. Yeniyetmələr arasında təşkil olunacaq bu yarış ilk dəfədir keçirilir. Avqustun 13-dək 26-dək keçiriləcək turnirdə 18 yaşadək idmançılar çıxış edə bilərlər. Olimpiadada 26 idman növündə mübarizə gedəcək. 13 gün ərzində turnirdən canlı yayımlar nəzərdə tutulub. İstədiyimiz, seçim etdiyimiz idman növündən yayımlarımız olacaq. Bu, bizim üçün daha mötəbər turnir, London Olimpiadası öncəsi bir hazırlıq mərhələsi olacaq”.

Qeyd edək ki, İTV 2012-ci il London Yay Olimpiya Oyunlarının da yayım hüququna malikdir.