17:36 02-04-2010
news_image
645
DİGƏR NÖVLƏR

5 qılıncımız qınına “qoyuldu”

Bakıda keçirilən qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya birinciliyi Azərbaycan idmançıları üçün uğursuz başlayıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan idmançılarından mübarizəyə 5 qılıncoynadan qoşulub.

İlk olaraq 17 yaşadək idmançılar arasında Azər Tağıyevlə Hüseyn Dadaşov qılınc oynatmağa başlayıblar. Onlar qrup mərhələsində yaxşı təsir bağışlayıblar. Belə ki, Tağıyev ilkin döyüşlərdə İsrail, Qazaxıstan və İngiltərə idmançılarına uduzsa da, İspaniya, Gürcüstan və Moldova təmsilçilərinə qalib gələrək, 1/64 final mərhələsinə yüksəlib. Lakin bu mərhələdə Almaniya komandasının üzvünə məğlub olan həmyerlimiz növbəti mərhələyə yüksələ bilməyib.

Dadaşov da məhz bu mərhələdə yarışı dayandırmaq məcburiyyətində qalıb. Tağıyev kimi qrup mərhələsində 3 qələbə qazanan və 3 dəfə məğlub olan Hüseyn Dadaşovun 1/32 final mərhələsinə vəsiqə qazanmasına Ukrayna təmsilçisi imkan verməyib.

Onların ardınca şpaqaçı qızlarımız – Nəzrin Əlizadə, Əminə Novruzova və Yuliya Bayramova da uğursuzluğa düçar olub. Əminə Novruzova və Yuliya Bayramova qrup mərhələsində 6 rəqibindən yalnız birinə qalib gəliblər. Nəzrin Əlizadə isə bütün görüşlərdə məğlubiyyət acısı dadıb. Nəticədə onların hər üçün yarışı erkən dayandırıblar.

Qeyd edək ki, dünya birinciliyində 87 ölkədən 1565 idmançı qüvvəsini sınayır. Bu gün onlardan 82 qız və 76 oğlan bir-birini sınağa çəkir.