17:34 06-04-2010
news_image
709
STOLÜSTÜ OYUNLAR

Azərbaycan və Ermənistan şahmatçıları yenidən üz-üzə

Birləşmiş Ərəb Əmirliklərində start götürən açıq Dubay çempionatı davam edir. Bu gün II turu keçiriləcək yarışda 32 ölkədən 153 şahmatçı qüvvəsini sınayır. Apasport.az saytının məlumatına görə, 153 zəka sahibindən 12-si Azərbaycanı təmsil edir.

İlk turda şahmatçılarımızdan Qədir Hüseynov, Eltac Səfərli, Ülvi Bacarani, Rəsul İbrahimov, Nurlan Şabanov, Orxan Abdulov, Cahangir Ağamirov, Zeynəb və Türkan Məmmədyarovalar qələbə qazanıblar. Nərgiz Umudova, Nərmin Məmmədova və Zaur Məmmədov komanda yoldaşlarından fərqli, şahlarının keşiyində lazımınca dura bilməyiblər.

İkinci turda diqqət çəkən məqamlardan biri Azərbaycan və Ermənistan şahmatçılarının üz-üzə gəlməsidir. Belə ki, ilk görüşdə rəqibini mat edən Nurlan Şabanov bu dəfə Gevorq Harutjunyanın şahını “taxtdan” salmağa çalışacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 45.000 ABŞ dollarıdır. Birinci yerin sahibi 8.000, ikinci yerin sahibi 5.000, üçüncü yerin sahibi 4000 dollar qazanacaq. Qaliblərin adları aprelin 14-də bilinəcək.