15:08 11-04-2010
news_image
871
DİGƏR NÖVLƏR

2012-ci ildə Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Bakıda keçirilən qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya birinciliyinin yekunları ilə bağlı bu gün mətbuat konfransı təşkil edilib. Apasport.az saytının xəbərinə görə, tədbirdə Beynəlxalq Qılıncoynatma Federasiyasının baş katibi Maksim Paramanov, Avropa Qılıncoynatma Konfederasiyasının prezidenti Frantşik Yanda və Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov jurnalistlərin suallarını cavablandırıblar.

Öncə Beynəlxalq Qılıncoynatma Federasiyasının baş katibi Maksim Paramanov yarışın təşkilatı işləri ilə bağlı fikirlərini bölüşüb: “Azərbaycanda ilk dəfə idmanın bu növü üzrə baş tutan dünya birinciliyi yaxşı deyil, çox gözəl səviyyədə keçdi. Təşkilatçılıq əla idi. Fikrimcə, ölkənizə istənilən səviyyəli yarış etibar etmək mümkündür. Bu yarışın əvvəlində Təşkilat Komitəsində az da olsa həyəcan hiss olunurdusa, növbəti yarışlarda onların peşəkarlığına sadəcə qibtə edəcəyik. Mən təmsil etdiyim qurumun adından Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimova, baş katib Ramin Məmmədova və Təşkilat Komitəsinin bütün üzvlərinə təşəkkürümü bildirirəm”.

Sonra Avropa Qılıncoynatma Konfederasiyasının prezidenti Frantşik Yanda da dünya birinciliyinin gedişindən razı qaldığını vurğuladı və Azərbaycana növbəti beynəlxalq yarış etibar ediləcəyindən söz açdı: “Dünyada Avropa qılıncoynadanları kifayət qədər güclüdür və bütün rəqibləri üçün arzuolunmazdırlar. Bakıda da onlar bir daha özlərini sübut etdilər. Qeyd edim ki, növbəti – 2012-ci ildə Avropa çempionatı Azərbaycanda keçirilə bilər. 23 yaşa kimi idmançıların qitə birinciliyinə ev sahibliyi etmək arzusunda olan ölkələrin sırasında hələ ki rəqibiniz yoxdur. Ev sahibinin adı isə növbəti konqresdə müəyyənləşəcək”.

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov idmançılarımızın gənc olduğunu və gələcəkdə uğurlar əldə edəcəklərinə inandığını dedi. Onun sözlərinə görə, tezliklə idmanın bu növündə dünya səviyyəli qılıncoynadanlarımızla fəxr edəcəyik. Ramin Məmmədovun bu sözlərindən sonra qonaqlar da Azərbaycanda güclü qılıncoynatma məktəbinin olmasından danışdılar. İkiqat Olimpiya çempionu İlqar Məmmədovun uğurlarını dilə gətirdilər.

Sonda Beynəlxalq Qılıncoynatma Federasiyasının baş katibi Maksim Paramanov və Avropa Qılıncoynatma Konfederasiyasının prezidenti Frantşik Yanda Azərbaycan idmançılarının London-2012-yə vəsiqə qazanacaqlarına inandıqlarını bildirdilər.