09:31 13-04-2010
news_image
914
DİGƏR NÖVLƏR

Anna Qurbanova milli komandadan kənarlaşdırıldı

Bədii gimnastika üzrə aprelin 16-18-də Almaniyanın Bremen şəhərində keçiriləcək Avropa çempionatında milli komandamızın şərəfini qoruyacaq idmançıların adları dəqiqləşib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, məşqçilər Anna Qurbanova və Zeynəb Cavadlı arasında seçim edərək ikincinin yarışa aparılmasını qərara alıblar. O, yarışda Avropa çempionumuz – Aliyə Qarayeva ilə birgə mükafatçılar sırasına düşməyə cəhd edəcək.

Xatırladaq ki, böyüklərin qrup yarışında Ceyla Quliyeva, Nigar Əbdülsəlimova, Ayelita Xələfova, Cəmilə Hüseynova, Anastasiya Prasolova və Stefani Trayanovadan ibarət komandamız da qüvvəsini sınayacaq.

Yeniyetmələrin fərdi mübarizəsində ölkəmiz 3 gimnastla - Lalə Yusifova, Aişə Mustafayeva və Jalə Qaratova ilə təmsil olunacaq.

Sinqapur-2010-a lisenziya verəcək Avropa çempionatında bu gimnastlardan yalnız Qaratova (1995-ci il təvəllüdlü olduğu üçün) vətənə Olimpiya vəsiqəsi ilə qayıda bilər.

Qitə birinciliyində qrup hərəkətləri üzrə yarışda isə İradə Əhədzadə, Mədinə Həsənova, Mənsura Mehdiyeva və Aliyə Paşayevadan ibarət yığmamız mübarizə aparacaq.