12:39 13-04-2010
news_image
815
DİGƏR NÖVLƏR

“Səfərə finala çıxmaq üçün yollanırıq” - MÜSAHİBƏ

Otüstü hokkey üzrə Azərbaycan yığmasının və “Atasport” klubunun koreyalı baş məşqçisi Joa Honqun apasport.az saytına eksklüziv müsahibəsi

- “Atasport” Berlində keçirilən Çempionlar Liqasının qrup mərhələsində 1 qələbə və 1 məğlubiyyətlə pley-off mərhələsinə vəsiqə qazandı. Yığmamızın əsasını təşkil edən “Atasport”un “Hertagenboş”a 0:4 hesabı ilə məğlubiyyətini nə ilə izah edərdiniz?
- Qarşımıza Çempionlar Liqasının “Dördlər finalı”na vəsiqə qazanmaq məqsədi qoymuşduq. Sevindirici haldır ki, bunu bacardıq. Düzdür, yarışa məğlubiyyətlə başladıq. Bu, bizdə ruh düşkünlüyü yaratmadı. Çünki bizə qalib gələn “Hertagenboş” bu yarışda 30-a yaxın qızıl medal qazanıb. Bundan əlavə, hollandlar nəinki Avropanın, eləcə də, dünyanın ən güclü komandalarından hesab edilirlər. Onlarla “Atasport” arasında əvvəlki oyunların nəticəsinə diqqət yetirsək, görərik ki, oyundan-oyuna buraxdığımız qolların sayı azalır. İnanıram ki, növbəti matçlarda daha gözəl oynayacağıq və onlara biz də gücümüzü göstərəcəyik. Çempionlar Liqasının ikinci görüşündə də məhz Avropa Azərbaycan hokkeyçilərinin nəyə qadir olduğunu gördü. Pley-off mərhələsinə yüksəlmək üçün İngiltərənin “Boudon Haytaun” komandasına 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandıq.

- Pley-off mərhələsi heç də asan keçmədi...
- Bu mərhələnin oyununda yetirmələrim sözün həqiqi mənasında meydanda can qoydular. Birinci hissə 1:1 hesabı ilə yekunlaşsa da, ikinci hissədə qələbə topunu vurduq. Qeyd edim ki, 2:1 hesabını qorumaq bizə heç də asan başa gəlmədi. Lakin məqsədimizə nail olduq və yarımfinala vəsiqə qazandıq.

- Bu mərhələdə rəqibimiz olacaq “Hamburq”la bağlı nə deyə bilərsiniz? Sizcə, komandamız yarışı neçənci yerdə başa vuracaq?
- “Hamburq” “Amsterdam” və “Hertagenboş”a nisbətən zəif rəqibdir. Fikrimcə, biz onlara qalib gəlməkdə çətinlik çəkməyəcəyik və ən pis halda, gümüş mükafata sahib olacağıq.

- Qarşıda Azərbaycan millisini daha ciddi sınaq gözləyir. Söhbət Rusiyanın Kazan şəhərində keçiriləcək dünya çempionatının seçmə mərhələsindən gedir. Yığma bu mötəbər yarışa hazırdırmı?
- Almaniyada qazandığımız uğur millidə gözəl əhval-ruhiyyə yaradıb. Qeyd edim ki, Gənclər və İdman Nazirliyi və Otüstü Hokkey Federasiyasının yaxından köməkliyi ilə seçmə mərhələyə hazırlıq plana uyğun şəkildə həyata keçirilib. 2 dəfə Çində və 1 dəfə Almaniyada təlim-məşq toplanışında olmuşuq. Yığma ilə müxtəlif taktiki və texniki planlar üzərində işləmişik. Aprelin 17-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək seçmə mərhələdə ev sahiblərinə, İtaliyaya, Yaponiyaya, Belarusa və Kiprə öz yerlərini göstərməliyik. Yəni, səfərə finala vəsiqə verən yalnız birinci yer üçün yollanacağıq. Bir sözlə, komandamız bütün oyunlara yalnız qələbə üçün çıxacaq.

- Heyətdə zədə ilə bağlı problem varmı?
- Heç kimdə zədə problemi yoxdur. Allah qoysa (bunu azərbaycanca deyir) orada da problemimiz olmaz. Azərbaycan xalqını və apasport.az saytının oxucularını qələbələrimizlə sevindirərik.