13:17 13-04-2010
news_image
772
DİGƏR NÖVLƏR

Mövlud Mirəliyev kompleksdəki ölüm barədə danışdı

Şəmkir Olimpiya Kompleksində baş vermiş ölümlə bağlı kompleksin direktoru, olimpiya mükafatçısı Mövlud Mirəliyev açıqlama verib. Lent.az-a danışan 36 yaşlı cüdoçumuz hadisə zamanı Azərbaycanda olmadığını bildirib.

Həm də polis əməkdaşı olan Mövlud Mirəliyev hadisə zamanı Rusiyada keçirilən güc strukturları arasındakı idman yarışlarında iştirak etdiyini söyləyib.

Ölümün səhlənkarlıq səbəbindən baş verdiyini söyləyən Mirəliyev xəbəri məyusluqla qarşılayıb. Hadisə baş verən zaman Azərbaycanda olmadığı və ümumiyyətlə olayla əlaqəsi olmadığı üçün istintaqa çağırılmadığını bildirən Mövlud istintaqa ölən uşağın dostlarının danışdığını söyləyib: “Dostlarının dediyinə görə, üç nəfər olub. Oyundan sonra yuyunmaq üçün üçüncü mərtəbədəki hamama giriblər. Aşağı enəndə isə məhəccərdən sürüşə-sürüşə düşmək istəyiblər. İki dostu sürüşüb, arxalarıyla da Surxay sürüşmək istəyib. O da yıxılıb”.

Hadisə 11 apreldə Şəmkir Olimpiya Kompleksində keçirilən Basketbol üzrə Respublika Spartakiadası çərçivəsində baş verib. Şəmkir prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bakı sakini olan basketbolçu, 13 yaşlı Surxay Məmmədcəfərov yarışdan sonra üçüncü mərtəbədən aşağı pilləkənlərin məhəccərindən sürüşərək düşmək istəyib. Və bu zaman müvazinətini itirib və yıxılaraq ölüb.